“Euractiv” portalında və “Geopolitical Monitor” jurnalında Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı məqalə dərc olunub
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının media qurumu olan “Euractiv” portalında və Kanadadan yayımlanan “Geopolitical Monitor” jurnalında məqalələri dərc olunub.
“Euractiv” portalında “Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı üfüqdə yeni müharibə görünürmü?” adlı yazısında ekspert Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da yerli telekanallara müsahibəsində verdiyi mesajlara diqqət çəkir. Müəllif bildirir ki, dövlət başçısının “Ermənistan müharibəyə hazırlaşır...” xəbərdarlığı regionda baş verən hadisələr fonunda ciddi əhəmiyyət kəsb edir. “Ermənistan işğal altında olan torpaqlarımızda PKK terrorçularını yerləşdirmək, xarici havadarlarından külli miqdarda silah idxal etmək və sərhədyanı bölgələrdə və cəbhə xəttində qoşunların konsentrasiyasını həyata keçirməklə müharibəyə hazırlaşır”, - deyə müəllif yazır. V.Hüseynov dünya ictimaiyyətini Ermənistanı işğalçı siyasətindən çəkindirməyə və onun rəhbərliyini substantiv danışıqlara vadar etməyə çağırır.
BMTM ekspertinin “Geopolitical Monitor” jurnalında çıxan “Regionda son qarşıdurmalar fonunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənir” adlı məqaləsində isə Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlikdən və iki qardaş ölkə arasında son aylarda dərinləşən əlaqələrdən bəhs olunur. V.Hüseynov bildirir ki, baxmayaraq Azərbaycan və Türkiyə arasındakı əlaqələrin əsasını etnik qohumluq və mədəni yaxınlıq təşkil edir, ancaq tərəfləri strateji müttəfiqliyə aparan əsas faktorlar ortaq maraqlar və təhlükəsizliyə təhdidlərdir. Buna görədir ki, son aylarda iki qardaş dövlət arasında münasibətlərin intensivləşməsinin və bunun bütün sahələrdə, o cümlədən informasiya müharibəsinə qarşı ortaq cəbhənin yaradılması və ticari əlaqələrin dərinləşməsi sahələrində əks olunması üçün səylərin artırılmasının şahidi oluruq.