Rəcəb Tayyib Ərdoğanın yeni müddətə prezidentliyə başlaması münasibətilə Ankarada rəsmi ziyafət keçirilib - YENİLƏNİB

A- A A+

İyulun 9-da Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Türkiyənin paytaxtı Ankarada rəsmi ziyafət keçirilib.

NUHÇIXAN xəbər verir ki, ziyafətdə Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rəsmi ziyafətin keçirildiyi Beştəpədəki Prezident Administrasiyasının qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Toplardan yaylım atəşi açılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdə çıxış edib.

Çıxışında iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Türkiyədə yeni idarəetmə sistemi, dövlət strukturundakı islahatların əhəmiyyəti, daxili və xarici siyasətin istiqamətləri, həyata keçirilən iqtisadi layihələrin önəmi, terrorçuluqla mübarizə, qarşıda duran digər vəzifələr və s. mühüm məqamlardan danışan Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasına çıxarmaq qarşıda duran əsas vəzifələrdən biridir.

Günümüzə qədər Türkiyə yolunda canını fəda edən şəhidlərə, eləcə də iyulun 8-də Uzunköprü-İstanbul marşrutu ilə hərəkət edən sərnişin qatarının qəzaya düşməsi nəticəsində həlak olanlara Allahdan rəhmət diləyən dövlət başçısı əminliklə qeyd edib ki, yeni idarəetmə sistemi ölkəni qüdrətləndirməklə bərabər, hər bir vətəndaşın hüquq və bərabərliyini təmin edəcək.

Sonra Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş yeni idarəçilik sisteminə və Prezident Rəcəb Tayyib Ərdoğanın ali dövləti fəaliyyətinə uğurlar diləyib.

Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.

Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarşılayıblar.

Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.

Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin yekunu ilə bağlı rəsmi məlumatına görə, ölkə üzrə təxminən 60 milyon seçicinin 26 milyon 330 min 823 nəfəri Rəcəb Tayyib Ərdoğana səs verib.

Mərasimdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirib.

Prezidentin sədrliyi ilə yeni tərkibli hökumət iyulun 13-də ilk iclasını keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: