Ceymstaun Fondu: Livan ermənilərinin Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesinə təhdiddir
ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında Livan ermənilərinin qanunsuz olaraq Azərbaycan işğal edilmiş torpaqlarında yerləşdirilməsi barədə məqalə dərc edilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu “Livan ermənilərinin işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesinə təhdiddir” sərlövhəli məqalədə bu prosesin regionda gərginliyi daha da artırdığı vurğulanır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Məqalədə müəllif qeyd edir ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edən Ermənistan həmin ölkədə yaşayan ermənilərə kömək adı ilə 100-150 erməni ailəni Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirə biləcəyini elan edib və avqustun 25-də artıq iki erməni ailəsinin bölgəyə gətirildiyi barədə məlumat yayılıb. Yerli mətbuatın yaydığı məlumata görə, daha 15 erməni ailənin Dağlıq Qarabağ və ətraf rayonlara gətirilməsi planlaşdırılır.
V.Hüseynov Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək, ermənilərin altındakı yerləşdirilməsinin həm beynəlxalq hüquqa, həm də Ermənistanın öz qanunvericiliyinə zidd olduğunu bildirir. O əlavə edir ki, Azərbaycanın Ermənistan tərəfindən belə təxribatla üzləşdiyi ilk dəfə deyil. Belə ki, Suriyada böhran başladıqdan bir müddət sonra da 15 min suriyalı erməni Ermənistanda sığınacaq üçün müraciət edib, onların bir hissəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilib.
Sonda V.Hüseynov ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların Ermənistanın qanunsuz əməllərinə lazımi reaksiya verməməsinin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayır.