Azərbaycan Prezidentinin dərin məzmunlu nitqi: İlham Əliyevin BMT tribunasından irəli sürdüyü tarixi tezislər

A- A A+

Qoşulmama Hərəkatı və BMT: İlham Əliyevin müqayisələri

Azərbaycan Prezidenti dünyada öz nüfuzu olan siyasi liderlərdən biridir. Ölkəyə rəhbərliyi müddətində bir sıra təşəbbüslərin müəllifi olmaqla yanaşı, İlham Əliyev ədalətli və obyektiv mövqeyi ilə də tanınır. Məhz bu kimi keyfiyyətlərin birbaşa nəticəsidir ki, BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Azərbaycanın dövlət başçısı altıncı çıxış edib. Özü də qürurvericidir ki, həm siyasi ritorika, həm də məzmun baxımından strateji və çox aktual tezislər irəli sürüb. Onu ayrıca vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidenti eyni zamanda iki statusda iclasda nitq söyləyib: Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi! Hər iki statusda çox uğurlu çıxış edib. Dəqiq məntiqə və aydın müddəalara əsaslanan çıxışında beynəlxalq əhəmiyyətli məsələləri lakonik izah edən İlham Əliyev öz təkliflərini irəli sürüb.

Onların ümumi analizi göstərir ki, Azərbaycan Prezidenti qlobal miqyasda özünü göstərən geosiyasi, siyasi, humanitar, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı olan trendləri çox dərindən bilir və qarşıya çıxan problemlərin həllini konkret təsəvvür edir. Həmin mövqeyini dövlət başçısı 120 ölkənin təmsil olunduğu böyük bir beynəlxalq təşkilatın adından ifadə edir. Bu, tarixi bir məqamdır və heç şübhəsiz, Azərbaycan dövlətçiliyində ayrıca yeri olmalıdır. Postsovet məkanında İlham Əliyevdən başqa siyasi liderlər sırasında bu statusda çıxış edən hələ yoxdur.

İlham Əliyev çıxışına iki əlamətdar hadisəni tarixi və geosiyasi aspektdə maraqlı əlaqələndirməklə başlayıb. BMT-nin 75 illiyi və Bandunq Konfransının 65 illiyi!

Bandunq Konfransı 1955-ci ilin aprelində İndoneziyanın Bandunq şəhərində keçirilib. Konfransı Asiya və Afrikanın müstəmləkəçiliyə qarşı olan dövlətləri təşkil ediblər. Onu İndoneziya Prezidenti Sukarno açıb. Tarixdə ilk dəfə olaraq keçmiş müstəmləkə olan dövlətlər öz maraqlarını təşkilatlanmış şəkildə qorumağa və təmin etməyə qərar verirdilər. Lakin onlar hərəkatın adını qoşulmama ilə əlaqələndirdilər. Bandunq Konfransında qəbul edilən bəyannamə, faktiki olaraq, Qoşulmama Hərəkatının əsasını qoydu və sonradan onun sıraları genişləndi. Bandunq Konfransında dünyada ümumiyyətlə müstəmləkəçiliyi ləğv etmək başlıca tezis idi. Bunun fonunda ölkələrin iqtisadi, mədəni, insan hüquqları, asılı xalqların problemlərinin birgə həlli, beynəlxalq sülh və əməkdaşlıq məsələləri müzakirə olundu. Qəbul edilən bəyannamədə Asiya və Afrika ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafına və bir-birinə yardım etməyə çağırışalar ifadə olundu. Konfransda "Ümumdünya sülh və əməkdaşlığa yardım etmək haqqında qətnamə" qəbul olundu ki, orada müstəmləkəçiliyə son qoymaq qətiyyəti ifadə edilir, hərbi bloklar pislənirdi.

Bunları bir daha xatırlatmaqda məqsədimiz ondan ibarətdir ki, BMT-nin də yubileyinə təsadüf edən hazırkı mərhələ 65 il bundan əvvəl Bandunq Konfransında müzakirə olunan problemlərlə səsləşir. İndi də müstəqil dövlətlərin təhlükəsizliyi, qarşıya çıxan müxtəlif təbiətli problemlərin həlli aktuallığı, hər bir təcavüzə və istismara qarşı birgə fəaliyyət son dərəcə aktualdır. Və BMT bu kimi məsələlərin həllində son illər xeyli dərəcədə acizlik göstərir. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi siyasi incəliklə bu iki yubileyi bir-biri ilə əlaqələndirməsi dərin məqamlara işarədir. Onu daha aydın təsəvvür etməyin məntiqini İlham Əliyev sonrakı fikirlərində irəli sürdüyü tezislərdə ifadə edib.

BMT-də islahatlar: zamanın tələbi

İlham Əliyev çıxışı zamanı deyib: "BMT, onun Nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir". Və ardınca vurğulayıb: "Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir".

Dövlət başçısının bu iki fikrini birləşdirən məntiq aydındır: BMT və Qoşulmama Hərəkatı üçün indi aktual olan problemlər beynəlxalq təhlükəsizliyin təmini, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunmasıdır. Ayrılıqda Qoşulmama Hərəkatı onları, narahatlığa səbəb olan yeni sahələr və çağırışlar kimi qəbul edir. Deməli, hər iki böyük beynəlxalq təşkilatın məqsədləri eynidir və bu səbəbdən də onlar koordinasiyalı və qətiyyətli hərəkət etməlidirlər. Hesab edirik ki, qlobal miqyasda əhəmiyyəti olan güclü tezisdir. Onun reallaşması doğrudan da dünya miqyasında geosiyasi dinamikanı müsbətə doğru dəyişməyə imkan verə bilər. Həm də BMT-nin reabilitasiyasını təmin edər.

Məhz bu bağlılıqda İlham Əliyevin dünyanı düşündürən problemləri konkret vurğulaması diqqəti çəkir. Ölkə rəhbəri ifadə edir ki, "insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir". Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətdə narahatlıq yaradan və demək olar ki, bütün regionlarda mövcud olan konkret problemləri bir daha xatırladıb. Onların həlli beynəlxalq hüquqa hörmət əsasında olmalıdır. Lakin beynəlxalq hüquqa hörməti hansı mexanizmlə təmin etmək mümkündür?

İlham Əliyev bu sualın da cavabını verir. Azərbaycan rəhbəri vurğulayır ki, bunu səmərəli beynəlxalq təsisatların fəaliyyəti ilə həyata keçirmək mümkündür. Buna görə də hazırda dünyanın səmərəli beynəlxalq təsisatlara ciddi ehtiyacı yaranıb. Həmin bağlılıqda dövlət başçısı ifadə edib: "Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir".

Deməli, İlham Əliyevin növbəti tezisi ondan ibarətdir ki, qlobal problemlərin həllində aparıcı rolu BMT oynamalı, Qoşulmama Hərəkatı isə ona geniş dəstək verməklə fəaliyyətini gücləndirməlidir. İndiyə qədər "Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır". Bu gün də Qoşulmama Hərəkatı hesab edir ki, BMT-nin rolunun gücləndirilməsi üçün səylər göstərilməlidir.

Azərbaycan Prezidenti bu kimi ümumi əsaslandırma və faktları göstərdikdən sonra Qoşulmama Hərəkatının sədri kimi maraqlı təklif irəli sürür. İlham Əliyev bəyan edir: "Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir".

Bu fikirlərlə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi BMT-də ciddi islahatların aparılması zamanının çoxdan yetişdiyini ifadə edir. Bu istiqamətdə Azərbaycanın dövlət başçısının mövqeyi aydın və qətidir. İlham Əliyev sözlərinə davam edərək vurğulayır: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq".

Ermənistan dünyaya təhlükədir: İrəvan yeni müharibəyə hazırlaşır

Bizcə, bu, İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi çıxışının mərkəzi punktlarından biridir. Burada ölkə rəhbərinin mövqeyinin iki faktorla uyğunlaşdığını da deməliyik. Birincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT Təhlükəsizlik Şurasında islahatları vacib saydığını dilə gətirib. Deməli, bu dəfə də Azərbaycan və Türkiyə eyni mövqe nümayiş etdiriblər. İkinci məqam ondan ibarətdir ki, İlham Əliyev çıxışının ikinci hissəsini Azərbaycan Prezidenti kimi birinci çıxışı ilə tam məntiqi bağlılıqda qurub. Konkret desək, dövlət başçısı ədalətli, humanist, beynəlxalq hüquq normalarına böyük əhəmiyyət verən, mövcud münaqişələrin BMT Nizamnaməsinə uyğun həll edilməsinin tərəfdarı olan müdrik siyasi xadim kimi fərqlənib. İşğala məruz qalmış bir dövlətin başçısı kimi İlham Əliyev kifayət qədər xoşməramlı, sülhpərvər, lakin milli maraqları qətiyyətlə qoruyan lider təəssüratını daha da möhkəmləndirib.

İlham Əliyev Azərbaycan adından çıxışında BMT ilə təqribən 30 ildir uğurlu əməkdaşlıq edildiyini vurğulayıb. Bu müddətdə müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olunub. Onu da unutmaq olmaz ki, hər bir üzv dövlət BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüb. Ancaq "...Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir".

Yəni, Azərbaycan üzərinə düşən bütün öhdəliklərə əməl edir, lakin onun torpaqlarını qonşu dövlətlərdən biri – Ermənistan işğal edib. Bu, İlham Əliyevin yuxarıda formalaşdırdığı ümumi tezisin konkret fakt əsasında ifadə edilməsidir. Belə ki, Qoşulmama Hərəkatını da narahat edən geosiyasi problemlər, o cümlədən həll edilməmiş münaqişələr ilk növbədə BMT-nin Nizamnaməsinə uyğun həllini tapmalıdır. Buna baxmayaraq, Ermənistan BMT qətnamələrini qulaqardına vurmaqla həm BMT-yə hörmətsizlik edir, həm də təcavüzkarlığına haqq qazandırmağa çalışır. Bəs bu vəziyyət niyə yaranıb?

Bu da aydındır. Çünki nə BMT, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin ədalətli həllində israrlı olmayıblar. BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvünün həm də Minsk qrupunda həmsədr olması belə vəziyyəti dəyişməyib. Deməli, həm BMT, həm də Minsk qrupunda islahatların aparılması zərurət kimi qarşıda durur.

Bu cür laqeyd və bir sıra hallarda tərəfkeş yanaşma faktiki olaraq Ermənistanı şıltaq uşağa çevirib. İlham Əliyev rəsmi İrəvanın davranışlarından bir sıra nümunələri belə ifadə edib: "...Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib". Yəni, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, mədəni-tarixi dəyərlərə və demokratiyaya ciddi zərbə vurur. İnsan haqlarını kobud şəkildə pozur.

Son illərin təcrübəsi göstərir ki, rəsmi İrəvan etdiklərindən nəinki utanıb-çəkinmir, hətta daha da qabağa getməyə can atır. Konkret olaraq, o, yeni ərazilər işğal etmək, başqa dövlətlərə qarşı iddialar irəli sürmək izinə düşüb. Azərbaycan Prezidenti bütün bunları nəzərə alaraq sual edir: kiçik və zəif bir ölkə haradan ilham alıb bu cür yaramazlıqlar etməkdədir? Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" kimi absurd bəyanatlar verməklə, əslində, beynəlxalq hüquq normalarına sayğısızlıq göstərir, beynəlxalq təşkilatları şantaj edir. Təsadüfi deyil ki, o, danışıqları davam etdirmək üçün qəbuledilməz "yeddi şərt" irəli sürür. Və beynəlxalq təşkilatlar bir söz belə demirlər. Azərbaycan Prezidenti isə bir daha BMT tribunasından bu əsassız şərtlərə cavab olaraq bəyan edib: "Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır".

Bundan başqa, Azərbaycanın dövlət başçısı N.Paşinyanın nasizmi təbliğ etməsinə dünya ictimaiyyətinin laqeyd yanaşmasını normal hal saymır. Bu, bütövlükdə ideoloji təxribat və faşizmi Cənubi Qafqaza yenidən bəla etməkdir. Təsadüfi deyildir ki, "Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu".

Nəhayət, İlham Əliyev bütün dünyaya səslənir. Ermənistan on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrini yaradır. "Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir... Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik".

Beləliklə, Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin məqsədlərini növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Eyni zamanda, vurğulayıb ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq. Ona qarşı beynəlxalq hüquq normalarını pozurlarsa, buna adekvat reaksiya veriləcək. Bununla İlham Əliyev BMT-nin yüksək səviyyəli toplantısında Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət daşıyan bir sıra tezisləri önə sürüb. Ermənistanın təcavüzkarlığına qətiyyətlə cavab vermək üçün bütün hüquqi əsaslar hazırlanıb. Dünya, ilk növbədə, BMT bunu qəbul etməlidir. Ya da təcili olaraq özünün dörd qətnaməsinin reallaşmasına nail olmalıdır. Bütün hallarda Azərbaycan Ordusu işğal edilmiş Vətən torpaqlarını yad tapdağından xilas etmək hüququnu tam olaraq özündə saxlayır.

Leyla Məmmədəliyeva

Newtimes

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: