Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı Azərbaycanın dünya birliyində yerini, qlobal proseslərdə rolunu və əhəmiyyətini nümayiş etdirdi. Eyni zamanda, dövlətimizin başçısının müasir dünyanın problemlərindən, onlardan çıxış yollarından söz açması, beynəlxalq hüququn təminatının bu günün əsas tələbi olduğunu bildirməsi bir daha Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ortaya qoydu.
Bu fikirləri NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsini açıq şəkildə diqqətə çatdırması bu sahədə islahatların həyata keçirilməsinin vacibliyini önə çıxardı. “Heç kimə sirr deyil ki, bu gün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Axı, necə olar bilər ki, BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qərarı 2 saata reallaşdırılır, amma Dağlıq Qarabağla bağlı 4 qətnamə 27-28 ildir yerinə yetirilmir. Əlbəttə ki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması bu təşkilatın nüfuzuna ciddi zərbə vurur. Çox maraqlıdır, nəyə görə bəzi hallarda ayrı-ayrı ölkələrə qarşı qısa müddətdə tədbirlər görüldüyü halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 822, 853, 874, 884 saylı qətnamələrinin icrası istiqamətində heç bir addım atılmır? Məgər Ermənistanın işğalçı olması qeyri-müəyyəndirmi? Yoxsa, bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması, Xocalı soyqırımını törətməsi kimlərəsə məlum deyil? Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi cinayətlərin sayı o qədər çoxdur ki, artıq bu ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının zamanı yetişib”, - deyə baş redaktor bildirib.
“Ölkəmiz də daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz. Ermənistan işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv edib, qanunsuz məskunlaşma siyasəti həyata keçirir, ölkəmizin təbii sərvətlərini qeyri-qanuni olaraq istismar edir. Ermənistan müxtəlif ölkələrdən muzdluları və terrorçuları işğal olunmuş ərazilərimizə gətirir və onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa himayədarlıq edən ölkədir. Artıq bu gün ASALA erməni terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Eləcə də Ermənistan rəhbərliyi tərəfindən düşməncəsinə verilən Azərbaycanofob bəyanatlar və törədilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Təəssüflər olsun ki, münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə vermir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması da qəbuledilməzdir. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsində vaxt məhdudiyyəti olmadığından həmin sənədlər icra edilənə qədər qüvvədədir. Bu mənada, həm ATƏT-in Minsk qrupu, həm də BMT Cənubi Qafqaz regionunda vəziyyətin nə qədər gərgin olduğunu görməli və beynəlxalq hüququn tələblərini yerinə yetirməlidirlər.
Ermənistanın məqsədinin işğalla bağlı status-kvonu qorumaq və zəbt etdiyi ərazilərin ilhaqına nail olmaq olduğunu deyən Vüqar Rəhimzadə vurğulayıb: “Ermənistanda iki il bundan öncə rejim dəyişikliyi baş verib, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalıb. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır, “Azərbaycanofobiya” və “türkfobiya” meyilləri hökumət dairələri tərəfindən süni şəkildə stimullaşdırılır. Doğrudur, Prezident İlham Əliyev dünyanın ən ali tribunalarından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını dəfələrlə ifşa edib, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, işğalçı dövlətin bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırıb. Azərbaycan Prezidentinin, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində bu gün Ermənistan bütün dünyada təcavüzkar, işğalçı, antidemokratik, faşizm ideologiyasına xidmət edən ölkə kimi ifşa olunur. Lakin təəssüf ki, belə bir faşist təbiətli işğalçı dövlətə hələ də ikili standartlı yanaşma özünü göstərir. Bu ikili standartlı yanaşma təkcə işğal məsələsində deyil, Ermənistanın daxili siyasi mühitində də müşahidə edilir. Təsəvvür edin ki, erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdü. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının qorunmasından ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox üzdəniraq qeyri-hökumət təşkilatlarına sponsorluq edən Corc Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsidir. Sorosun Ermənistanın faktiki rəhbəri kimi Paşinyanı bütün məsələlərdə müdafiə etməsi belə bir qənaətə gəlməyə əsas yaradır ki, dünyada beynəlxalq hüquqdan da üstün olan şəxslər var. Bəlkə elə bu səbəbdəndir ki, Dağlıq Qarabağdakı terrorçu rejimin başçısı Gəncəni bombalamaqla bağlı açıqlama verir, Ermənistanda səfərbərlik elan edilir, muzdlu dəstələr yaradılır, bu ölkə sürətli şəkildə silahlandırılır. Görünür, kimlərsə Ermənistanı yeni müharibəyə hazırlayırlar. Əgər bu gün beynəlxalq hüquq öz sözünü deməsə, beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərinə adekvat cavab verməsələr, o zaman rəsmi Yerevan daha aqressiv addımlar atacaq və nəticədə regionda sülhə və təhlükəsizliyə təhdidlər artacaq”.