Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ölkəmizə və xalqımıza qarşı növbəti böyük təxribatın daha bir göstəricisidir.
Artıq səhər saatlarından etibarən ordumuz bütün cəbhə boyu arsenalında olan qüvvə və vasitələrdən istifadə edərək əks -hücum əməliyyatlarına başlayıb. Hazırda da düşmənə layiqli cavab verilir, sarsıdıcı zərbələr vurulur. Proseslərin gedişində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev az əvvəl televiziya ilə xalqımıza canlı yayımla müraciət etdi. Ali Baş Komandan dedi ki, “Bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.
Prezident müraciəti zamanı ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücum əməliyyatını uğurla başa çatdıracağına əminliyini ifadə etdi və bir daha bildirdi ki, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!
İndi əldə etdiyimiz son məlumata görə, düşmənə endirilən sarsıdıcı zərbələr davam edir, onun zirehli texnikası və şəxsi heyəti sıradan çıxarılır. Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Düşmən ard-arda öz döyüş itkilərini açıqlayır.
Bəli, bu son 30 ildə torpaqlarımızı işğalda saxlayan, xalqımıza qarşı son 2 əsrdə soyqırım və terrorlar törədən ermənilərə tarixi cavab və zərbədir. Əlbəttə, “dua etməklə donuz darıdan çıxmaz” tezisi əsrlərdir öz təsdiqini tapmış məfhumdur. Məhz buna görə də, bu gün xalqımız və ordumuz bir yumruq kimi birləşərək, ruhunu, ürəyini, canını, qanını ortaya qoyaraq ayaqdadır. Sülhə gəlməyən Ermənistanla öz dili ilə danışır. Budur bizim xalqımızın birliyi, bərabərliyi, Vətən uğrunda sarsılmaz mübarizəsi.
İndi hər kəs Azərbaycan üçün can verməyə, qan tökməyə hazır və müştaqdır! Vətən uğrunda milli mücadilə məhz budur: “Xalq, ordu, dövlət birliyi”!
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,
Biz Vətən naminə ölsək, dirilərdən diriyik!
Qoy qələbə bayrağımız, tezliklə Şuşaya, Xankəndinə sancılsın!