Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərar qəbul edib - YENİLƏNİB
Sentyabrın 27-də Milli Məclisin iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra Milli Məclisin Sədri bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim edib. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə, hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir. Bugünkü iclasımızın keçirilməsi də bu zərurətdən irəli gəlir. Gündəliyə bir məsələ daxildir.
Daha sonra Milli Məclisin Sədri bildirib ki, bu gün səhər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribata əl atıblar. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar var.
Parlamentin Sədri Sahibə Qafarovanın təklifi ilə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Ermənistanın bu xain hücumu erməni faşizminin, işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti təzahürüdür. Ermənistan bu təxribatı törətməklə işğalçılıq siyasətini genişləndirmək və təcavüzkar siyasətini davam etdirmək niyyəti güdür. Xatırlatmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın planlaşdırdığı təcavüz aktı və hərbi təxribatları barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib. İyul ayında Tovuzda törədilən təxribatdan sonra bu gün baş verənlər Ermənistan faşizminin iç üzünü və çirkin mahiyyətini açıb göstərir.
Bütün xalqımız əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılıb və Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Milli Məclisin Sədri Sahibə Qafarovanın bu sözləri deputatlar tərəfindən alqışlarla qarşılanıb. Bu münasibətlə təbriklərini çatdıran parlamentin sədri deyib: “Ermənistan ordusunun təxribatları barədə beynəlxalq ictimaiyyətə artıq məlumat verilib və bir neçə dəqiqə bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop mənə telefonla zəng edərək qardaş ölkənin Azərbaycana dəstəyini bir daha ifadə edib”.
Sahibə Qafarova onu da deputatların diqqətinə çatdırıb ki, Milli Məclis tərəfindən beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə Ermənistanın bu təxribatı haqqında məktublar göndərilib.
Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını oxuyub.
Məsələnin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Səməd Seyidov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Zahid Oruc, Aydın Mirzəzadə, Erkin Qədirli, Fazil Mustafa, Səttar Möhbalıyev, Nizami Cəfərov bu günü tarixi bir gün kimi xarakterizə ediblər. Deputatlar Azərbaycan Ordusunun torpaqlarımızı tezliklə işğaldan azad edəcəklərinə və vətəndaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıdacağına əminliklərini ifadə edib, Ordumuza uğurlar arzulayıblar.
Sonra “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.