Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir
Məlum olduğu kimi, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ölkəmizin bütün ərazisində hərbi vəziyyət elan edilib. Xüsusi vurğulamaq istəyirəm ki, hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu sentyabrın 27-də keçirilən brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Əjdər Babazadə deyib.
Ə.Babazadə deyib ki, mövcud qanunvericiliyə əsasən, səfərbərlik Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilat-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir. Bu gün səfərbərlik yox, ölkə ərazisində hərbi vəziyyət elan olunub. Səfərbərlik elan olunacağı halda KİV-də elan ediləcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.
Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlərə cəlb ediləcək.