NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə əlaqədar xalqa müraciətinə dair videomaterial yayıb.
Videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın və onun çirkin siyasətinin regionda sülh üçün ciddi təhlükə mənbəyi olması fikri diqqətə çatdırılıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.