Türkiyəli ekspert Azərbaycanın BMT müqaviləsinin 51-ci maddəsinə əsasən, özünün qanuni müdafiə haqqı olduğunu və bunun işğal altındakı bütün əraziləri azad olunanadək davam edə biləcəyini vurğulayır.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ankara Yıldırım Beyazıt Universiteti hüquq fakültəsinin professoru Yücel Acer Ermənistanın hücumlarına Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq adekvat cavab verdiyini qeyd edib. O, xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə çağırır.
BMT-nin çağırışlarının və ATƏT-in Minsk qrupunun apardığı danışıqların bu günədək nəticə vermədiyini bildirən Yücel Acer Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı münaqişənin indiyədək həll edilmədiyini deyib: “İşğaldan sonra məcburi köçkün durumuna düşən yüz minlərlə insan öz doğma yurd-yuvalarına qayıda bilmir. Dövlətlərin özünümüdafiə hüquqlarını tənzimləyən BMT müqaviləsinin 51-ci maddəsini xatırladan professor qeyd edib ki, atəşkəs anlaşması olsa da, Ermənistan silahlı hücum həyata keçirdiyi təqdirdə, Azərbaycanın özünümüdafiə hüququ var və o bu hüquqdan bütün işğal olunmuş ərazilər azad olunana qədər istifadə edə bilər. Azərbaycanın həyata keçirdiyi əks-hücumu dayandıra biləcək yeganə qanuni vasitə BMT Təhlükəsizlik Şurasının bu məsələdə lazımi təsirli tədbirlər görməsi ola bilər”.