Anar Eyvazov: Bölmələrimiz yüksək peşəkarlıq göstərərək bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatını davam etdirir
Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan miflər yalandır. Bölmələrimiz yüksək peşəkarlıq göstərərək, ən müasir silah və zirehli texnikanın imkan və qabiliyyətlərindən faydalanaraq bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatını davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 29-da keçirilən axşam brifinqində deyib.
A.Eyvazov bildirib ki, müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində məhv edilib. Ermənistan ordusunun Eçmiədzin rayonunda yerləşən və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan da bu gün məhv edilib. Bundan başqa, düşmən ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.
Ağdərə rayonun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib. Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində Ermənistan ordusunun 1-ci alayının 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın olunub.
Həmçinin Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Düşmən geri çəkilməyə məcbur olub. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb. Bu informasiya ilə bağlı foto və video materiallar ilə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun Madagizdəki alayında tamamilə ruh düşkünlüyü yaranıb, şəxsi heyətdə ölüm qorxusu başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çox hərbçi döyüşə girməkdən imtina edir və əməliyyat rayonunu tərk edirlər.
Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 tipli zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir. Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.
Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan genişmiqyaslı hücumun ilk saatlarından etibarən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi heyəti gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Döyüşlərin getdiyi bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə edilərək sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.
“Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur. Hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb. Vətəndaşlar (012) 406-68-58, (012) 406-68-84, (012) 406-72-52, (012) 406-72-77 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər. Eyni zamanda, vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələrini xahiş edirik”, - deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.