Ermənilər təşvişdə: “Uduzmuşuq. Şuşa boşalır”

A- A A+

Azərbaycan Ordusunun təcavüzkara verdiyi son dərs Ermənistanda böyük qorxu, xaos və tam məğlubiyyət hissi yaradıb

Cəbhədə hazırda davam edən müharibə Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha düşmənə əyani şəkildə nümayiş etdirməkdədir.

Düşmən çoxsaylı ciddi zərbələr alıb, xeyli sayda hərbi texnika və hərbi qulluqçu itirib. Ermənistanda açıq şəkildə etiraf edilir ki, son döyüşlərdə işğalçı tərəf çoxsaylı itkilərə məruz qalıb.

Bu günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini Ermənistan tərəfinin ciddi itkilər verməsi ilə bağlı paylaşımların müzakirəsi zəbt edib. Vurğulanır ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə Yerevana göndərilir.

"Həkim çatışmır, dərman yoxdur”

Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bəzilərini oxucuların diqqətinə çatdırırıq. Ermənilərin sosial şəbəkələrdə paylaşımları öz dillərində olmaqla yanaşı, həm də rus dilindədir və biz bunlardan istifadə etmişik.

Onu da əlavə edək ki, ermənilər sosial şəbəkələrdə saxta profillər açaraq yalan məlumatlar paylaşır və Azərbaycana qarşı kəşfiyyat-təxribat fəaliyyəti aparırlar.

Simon Sarkisyan "Facebook” sosial şəbəkəsində yazır ki, çox dəhşətli müharibə gedir: "Qardaşım oğlu işləri ilə əlaqədar Stepanakertdədi (Xankəndi - red.). Dünən deyir ki, informasiya qıtlığıdır. Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar açıqlayırlar. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərə yığıb aparırlar. Ona görə də onlar yolda ölürlər. Həkim çatışmır, dərman yoxdur”.

Albert Simonyan adlı "Odnoklassniki” isifadəçisi Xankəndidən video paylaşıb, əhalinin təşviş içində qaçdığını qeyd edir: "Demək olar ki, hamı zirzəmilərdə gizlənir. Bizim itkilərimiz, təkcə ölənləri hesaba alsaq, yüzdən çoxdur”.

"Şuşada həyat ölüb”

Mane Martirosyan adlı "Twitter” sosial şəbəkə istifadəçisi yazır: "Özüm Ermənistanın Cermuk şəhərindənəm, ancaq bütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Onunla danışmışam, deyir ki, kişi əhalisi arasında səfərbərlik gedir. Deyəsən uduzmuşuq. Şuşa şəhəri bomboşdur, hamı evlərə sığınıb”.

Hasmik Baqdasaryan adlı "Facebook” istifadəçisinin müharibə ilə bağlı paylaşılan xəbərə rəyi diqqət çəkir: "Dostlar, çox qorxuludur. Cənub istiqamətdə - Hadrut tərəfdə də şiddətli döyüşlər gedir. Orada mənim əmim oğlanları və bacım yaşayır, anam onları oradan çıxarıb Şuşaya aparmağa çalışır. Əgər situasiya dəyişməsə, ola bilsin, uşaqları dəhlizlə Yerevan tərəfə çıxarsınlar. Şuşa şəhərində isə həyat, demək olar ki, ölüb. İnsanlar küçəyə çıxmır”.

Harut Qriqoryan tərəfindən "Odnoklassniki” sosial şəbəkəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərlə bağlı paylaşılan xəbərə Martin Qalstyan adlı istifadəçinin rəyi də maraqlıdır: "Aprel döyüşlərindən sonra növbəti qorxunu yaşayırıq. Yalanlardan cana doymuşuq. Niyə ölən əsgərlərimizin sayını düzgün demirsiniz? Stepanakertdə yaşayan bir tanışım deyir ki, çox itkilər vermişik. Nə vaxtacan belə davam edəcək? Paşinyan, niyə Sarkisyanın yolunu tutmusan? Görəsən, Paşinyan növbəti rəzilliyindən utanırmı?!”

"Qaç, canını qurtar!”

Syuzi Xaçatryan adlı "Facebook” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Atam ehtiyatda olan hərbi zabitdir. Müharibəyə çağırırlar, gizlənib getmir. Deyir ki, Sarkisyandan sonra Paşinyan Ermənistan üçün nə edib? Hamısı müharibə adı ilə ciblərini doldurub. Gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkardırlar. Əsgər valideynləri, övladlarınızın boş yerə, yalançı rejimin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.

Ermənistanın baş naziri Nikol Paşinyanın "Facebook”da müharibə ilə bağlı çağırışına Vladislav Markaryanın rəyinə çoxlu reaksiya verilib: "Baş nazir, işiniz-gücünüz sosial şəbəkələrdə paylaşımlar etməkdir. Bizə müharibə lazım deyil, uşaqlarımızı çöldən tapmamışıq. Ayılın! Azərbaycan Stepanakerti geri qaytarmağa saatları sayır. Qaç, canını qurtar! Bu gedişlə Azərbaycan Yerevana kimi gələcək”.

Karen Mxitaryan adlı "Facebook” istifadəçisi yazır ki, çox qorxulu vəziyyətlə qarşılaşıblar. Vardenis şəhərindən olan müəllim qeyd edir ki, son günlər qarşı tərəf itkilər versə də, bizdə onlardan daha çoxdur: "Gizlədilir. Səbəbsiz uşaqlarımız ölümə göndərilir. Paşinyana çox inanırdıq, ümidimizi puç etməkdə davam edir. Şəxsən hər vasitəyə əl atıb uşağımı hərbi xidmətdən yayındırmışam”.

"Yenə uduzuruq”

"Facebook” sosial şəbəkə istifadəçisi Davut Qasparyan yazır ki, xalqın sevimlisi olmaq istəyən Nikol Paşinyan da Serj Sarkisyan kimi Azərbaycan, onun rəhbərliyi qarşısında acizdir: "İlham Əliyev sonuncu bəyanatında Ermənistanla kifayət qədər sərt tonda danışdı, açıq şəkildə bildirdi ki, zəfər onların olacaq. Müharibə gedir, uduzuruq və indiyə qədər Paşinyan buna qarşı hansısa tutarlı cavab verə bilməyib. O, Serj Sarkisyandan qətiyyən fərqlənmir”.

Alla Hovsepyan adlı daha bir "Facebook” istifadəçisi də İlham Əliyevin ötən günlərdə xalqa müraciətinin yer aldığı xəbərə münasibət bildirib. Profilinə baxdıqda iqtisadçı olduğu nəzərə çarpan istifadəçi rəyində yazır: "Ötən zaman da göstərir ki, Azərbaycan istədiyinə daha sürətlə yaxınlaşır və bu səbəbdəndir ki, Bakı konkret niyyət və məqsədlər açıqlayır. Amma nəyə görəsə Paşinyan bu gün müharibədə uduzur və hələ də düşmən ölkəyə tutarlı cavab verə bilmir və yəqin ki, verə də bilməyəcək” (qəzəb işarəsi).

"Qorxudan tez-tez öz mövqelərimizi də səhv salaraq atəşə tuturuq”

Şuşanik Vardanyan adlı birisi isə "Twitter”də yazıb: "Qardaşım oğlu Albertlə danışdım. Papravənddədir. Tanrıya şükürlər olsun, yaxşıdır. Amma mənə dedi ki, əmi, hazırda gedən müharibə səbəbindən yaranan qorxu hələ də canımızdadır. Texnikada çox geriyik. Azərbaycan ordusu hazırlıq baxımından bizdən çox irəlidədir. Baş nazir, nə oturmusan Yerevanda, Qarabağda sizi gözləyirlər”.

Henrix Saaryan adlı istifadəçinin "Twitter”də paylaşımı isə daha çox "retweet” olunub: "Dünən bir video yayılmışdı ki, azərbaycanlılar bizim postlarımızı götürüblər, bizim əsgərlərimizin meyitlərini gördüm. İndi nəyə inanaq, bilmirik”.

İxtisasca iqtisadçı olan Stepan Qriqoryan "Odnoklassniki” sosial şəbəkəsində yazır ki, acı həqiqət olsa da, demək lazımdır. Bu gün müharibə gedir və biz bir çox reallıqları bilməliyik: "Müdafiə Nazirliyində çalışan yaxın bir dostum dedi ki, hazırda orduda xidmətdən yayınma məqsədilə özünə xəsarət yetirmə, sui-qəsd də artıb. Vəziyyət hətta o yerə çatıb ki, hərbçilər qorxudan tez-tez öz mövqelərimizi də düşmənlə səhv salaraq atəşə tuturlar”.

Ermənistanda sosial şəbəkələrdə belə səpkidə şərhlərin və paylaşımların sayı kifayət qədərdir. Müharibədə məğlub vəziyyətdə olduqlarını artıq erməni cəmiyyəti də dərk edir.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: