“Nezavisimaya qazeta”: Rusiya Ermənistanda təkcə anti-Türkiyə deyil, həm də anti-Rusiya əhval-ruhiyyəsini gözdən qaçırmır

A- A A+

Rusiyanın “Nezavisimaya qazeta” nəşri ermənilərin Dağlıq Qarabağda gedən döyüşlərdə türk izi axtarmasına münasibət bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qəzetin “Qarabağda türk izi mövzusu Rusiya üçün tələyə bənzəyir” başlıqlı məqaləsində müəllif Georgi Alekseyenko yazır ki, Dağlıq Qarabağda alovlanan müharibə Türkiyə ilə Rusiya arasında fikir ayrılığı olması barədə söz-söhbətlərə yol açıb. Erməni rəsmiləri münaqişədə Ankaranın iştirakını açıq şəkildə bəyan edirlər. Lakin bu iddialar inandırıcı sübutlara əsaslanmır.

Ermənilərin Türkiyəyə məxsus “F-16” qırıcı təyyarəsinin Azərbaycan tərəfindən döyüşlərdə istifadə olunması iddiasını inandırıcı hesab etməyən müəllif yazır ki, Türkiyə Hərbi Hava Qüvvələri Qarabağ ərazisində “işləsə” ya bütün Dağlıq Qarabağı atəşə tutmalı, ya da raketləri Ermənistan və İran ərazisindən keçərək bu əraziyə tuşlamalı idilər. Bundan əlavə, “Flightradar24” aviaresursu türk aviasiyasının Azərbaycana göndərilməsini qeydə almayıb. “Türkiyənin “Bayraktar ТВ2” dronlarına gəldikdə isə bu onlar, eləcə də İsrailin pilotsuz uçuş aparatları Azərbaycan tərəfindən rəsmi şəkildə alınıb. Bu məlumatlar döyüşlərdə türklərin iştirakının sübutu ola bilməz.

Qəzet yazır ki, Dağlıq Qarabağda türk xüsusi təyinatlılarının, habelə digər ölkələrin silahlılarının iştirakı da inandırıcı deyil. Bakı tammiqyaslı əməliyyatlar deyil, əks-hücum həyata keçirir. Tammiqyaslı əməliyyatlar üçün sərhəddəki silahlı qüvvələrin ən azı yarısından ibarət qruplaşmadan istifadə edilməli idi. Bu isə qeydə alınmayıb. Bundan əlavə, erməni KİV-lərinin dediyi 1500-4000 nəfər Suriya silahlısından ibarət böyük qruplaşmanın münaqişə regionuna gətirilməsi nəzərdən yayına bilməzdi.

“Nezavisimaya qazeta” daha sonra yazır: “Türkiyənin münaqişədə iştirakı mövzusundan müəyyən siyasi məqsədlərlə istifadə oluna bilər. İlk növbədə, bu, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarını türk amilinin ayağına yazmağa imkan verir. Belə ki, münaqişə zonasında iri beynəlxalq, üstəlik də NATO üzvü olan “oyunçu”nun qeydə alınması guya bütün sualların cavabıdır. Eyni zamanda, Türkiyə amilini ortaya atmaqla Ermənistan Rusiyanı təxribata sürüklədiyini düşünür. Moskva isə məlum olduğu kimi, neytral mövqe tutur”.

Müəllif qeyd edir ki, Rusiya Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi faktını tanıyır və münaqişənin həllində vasitəçi rolunu oynayır. Rusiya, eyni zamanda Yerevanla münasibətlərdə ölkə elitasının və rəhbərliyinin təkcə anti-Türkiyə deyil, həm də anti-Rusiya əhval-ruhiyyəsini gözdən qaçırmır. Odur ki, türk amili ilə möhtəkirlik ən azı səmərə gətirməyən məşğuliyyətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: