Ordun varsa, yurdun var. Ordumuza dəstək olan hər kəsə minnətdarlığımızı ifadə edirik. Qəbələ bizimlədir!
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusuna dəstək nümayiş etdirən və ordu sıralarına yazılmaq üçün müraciət edən vətəndaşlarımıza minnətdarlığını bildirən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin növbəti paylaşımında yer alıb.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun qazandığı uğurlar, Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması xalqımızda döyüş ruhunun daha da yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurlarından ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirib.
Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmizə öz töhfəsini verməyə can atır. Bu gün kiçikdən böyüyədək hər bir azərbaycanlının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”, “Qələbə bizimlədir!”.