Türkiyə Dağlıq Qarabağ münaqişəsinin diplomatik və sülh yolu ilə həlli istiqamətində ciddi səylər göstərdi. Bu səylər nəticə verdimi? Vermədi! Beynəlxalq ictimaiyyət bu münaqişənin həllində qətiyyət göstərdimi? Göstərmədi! Bütün bunlar olmadıqca Ermənistan işğalçılıq siyasətində daha da cəsarətləndi və hücumları davam etdirdi. Beynəlxalq ictimaiyyət münaqişənin həllini diplomatik yolla həllini istəyirsə qətiyyətli olmalıdır. Qarşıdurma dayandırılsın deyənlər Ermənistana işğal ərazilərdən çıxsın deyirmi? Demirlər! Bu doğru yanaşma deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinə müsahibəsində səsləndirib.
Artıq münaqişənin həll olunması vaxtının çatdığını ifadə edən nazir deyib: “Problem diplomatik yolla həll olmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir və mübarizəni öz ərazisində aparır. Dünyanın harasında münaqişələr varsa, işğalçı ilə torpağı işğal edilən tərəf eyni tutulmur. Bu məsələdə Ukrayna və Gürcüstanın ərazi bütövlüyü haqlı olaraq dəstəklənir. Azərbaycan torpaqlarının işğalı məsələsinə də eyni mövqe sərgilənməlidir.
Azərbaycanın bu məsələdə bir istəyi olarsa, istədiyini edərik. Lakin Azərbaycanın özünü müdafiə etmək və ərazilərini işğaldan qurtarmaq üçün gücü yetərlidir. Prezident İlham Əliyevin tez-tez dediyi kimi, işğalçı tərəf gəlsin üz-üzə savaşaq və nəticəni görərsən. Azərbaycan deyir ki, mən öz torpağımı işğaldan azad edirəm və başqa dövlətlər qarışmasın. Ermənistan başqa ölkələrdən dəstək olmasa, işğalçılığa cəsarət etməzdi”.
Azərbaycanın geniş müdafiə imkanlarına malik olduğunu vurğulayan nazir deyib ki, Türkiyənin başqa ölkələrlə müdafiə sənayesində və hərbi sahədə əməkdaşlığı olduğu kimi, Azərbaycanla da var. Hətta Azərbaycanla əməkdaşlıq hər kəsdən daha çox olmalıdır və olur. Azərbaycan müdafiə qüdrətini artırmaq üçün gərəkli tədbirlər görüb, başqa ölkələrdən və bizdən hərbi məhsullar almaq haqqı var və alır.
Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu bildirib ki, iki ölkənin müdafiə və hərbi sənayedə anlaşmaları var. Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan təkbaşına azad etməyə gücü çatır. Amma Azərbaycan harada və necə dəstək istərsə, Türkiyə onu edəcək. Danışıqlarda olduğu kimi, meydanda da Azərbaycanla birlikdəyik. Türkiyə dövləti, hökuməti və xalqı bu məsələdə qərarlıdır. Biz qardaş olaraq Can Azərbaycanın yanındayıq. Türkiyə bu münaqişənin diplomatik yolla, sülh yolu ilə, BMT-nin qərarları, qardaş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli üçün böyük səylər göstərdi. Ancaq Azərbaycanın burada qəbul etdiyi qərar çox önəmlidir. Çünki otuz ildir Azərbaycan münaqişənin həllini görmədiyi kimi, bu istiqamətdə beynəlxalq ictimaiyyətdən hər hansı bir qətiyyətli addım da görmədi.
“Qarşıdurmanı heç kəs istəməz. Atəşkəsin təmin edilməsi Ermənistan dərhal Azərbaycan torpaqlarından çəkilsin tələbi ilə olmalıdır”, - deyə sözünü davam etdirən nazir deyib ki, Ermənistanın təcavüzkarlığı təkcə işğalçılıqla bitmir. Yaxın Şərqdən erməni əsilli əhalini gətirib Qarabağda qanunsuz məskunlaşdırır. Bu məsuliyyətsizlik Ermənistana aiddir. İşğalçı olmasına baxmayaraq, Ermənistan dəstəklənir. Diplomatik danışıqlarda bütün bunları tərəflərə anladırıq.
Mövlud Çavuşoğlu fikirlərini belə tamamlayıb: “Azərbaycan ərazisinin iyirmi faizi işğal olunmuş və bir milyondan çox əhalisinin qaçqın düşdüyü ölkədir. Ötən dövrdə bu insanların necə çətinliklə yaşadığını gördük. Bu insanlar otuz il ağır çətinliklər yaşayıblar. Hər kəs yurduna dönmək istəyir. Azərbaycan hüquq və mənəvi baxımdan bu məsələdə haqlıdır. Beynəlxalq təşkilatlar torpaqları işğal olunan digər ölkələr kimi, Azərbaycanı da qəti şəkildə dəstəkləməlidir”.