Baş Prokurorluq: Düşmənin top atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üçü isə xəsarət alıb

A- A A+

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 30-da saat 16 radələrində Füzuli rayonunun Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, məntəqəyə ciddi ziyan dəyib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Eyni zamanda, düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində sentyabrın 30-da saat 15 radələrində Tərtər rayonunun Yenikənd kənd sakini Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunmaları üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: