Berlində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclası keçirilir.
NUHÇIXAN xəbər verir ki, iclasda ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxış edib. O, görünür, hələlik yetərincə təcrübəsi olmayan Ermənistanın yeni rəhbərliyinin bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin formatı barəsində populist bəyanatlarına toxunub.
Xatırladaq ki, bu ölkədə baş verən rəngli inqilabdan dərhal sonra küçədən gəlib yüksək dövlət vəzifəsi tutmuş dəstəbaşı Nikol Paşinyan, görünür, diplomatik məsələlərdən yaxşı baş çıxardığını göstərmək qərarına gəlib, ancaq əvəzində gülünc bir bəyanatla beynəlxalq birliyi əməlli-başlı təəccübləndirib: guya onun ölkəsi bundan sonra danışıqlarda “əsas münaqişə tərəfi olan Artsağ”ın yerinə iştirak etməyəcək. Bununla da o, sadəlövhlüyünü, bu işdə tam səriştəsiz olduğunu ortaya qoyub.
Paşinyanın “isti” başının soyuq duş qəbul etməsi üçün deyil, sırf onu savadlandırmaq məqsədi ilə Milli Məclisin deputatı Azay Quliyev danışıqlar prosesinin əsasları barədə onu maarifləndirib. O bildirib ki, həmin əsaslara görə, prosesin 1992-ci ildə ATƏT ( o vaxtlar ATƏM) tərəfindən qəbul edilmiş formatı “Minsk qrupu həmsədrlərindən” ibarət məhdud təsisat deyildir, daha geniş Minsk konfransıdır, münaqişə tərəfləri isə beynəlxalq birlik, o cümlədən ATƏT tərəfindən qəbul edilmiş Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarına yeganə mümkün status – “əlaqədar tərəflər” statusu verilib. Söhbət Beyker qaydalarında ifadə olunmuş və təkcə ATƏT sammitlərinin deyil, həm də BMT Təhlükəsizlik Şurasının yekun sənədlərində təsbit edilmiş “2+2” formatından gedir və bu formatda “münaqişənin bərabərhüquqlu tərəfi” kimi “Artsaq” barədə bir kəlmə də yoxdur. Belə ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib, beynəlxalq qurumlar da bunu bilirlər.
Münaqişənin əlifbasını Ermənistan rəhbərliyinə onun ATƏT PA-dakı nümayəndə heyəti vasitəsilə xatırladan Milli Məclisin deputatı bildirib ki, Minsk konfransı formatı və münaqişənin nizamlanmasının mərhələli məntiqi danışıqlar mövzusu deyildir və əsla olmayacaq. Deməli, Yerevan bu formatın dəyişdirilməsinin mümkünlüyü xülyasından əl çəkməlidir.
“Qəbul edilmiş formatın dəyişdirilməsinə və Dağlıq Qarabağdakı qanunsuz oyuncaq rejimin nümayəndələrini guya “müstəqil oyunçu” kimi danışıqlar masası arxasında oturtmağa hər hansı cəhd danışıqlar prosesini pozacaqdır”, - deyə xəbərdarlıq edən A.Quliyev Ermənistanın substantiv danışıqlardan yayınmasından irəli gələn yüksək riskləri və ciddi təhlükəni də göstərib.
Bununla əlaqədar olaraq, deputat Ermənistanı danışıqlar prosesinə qaytarmaq və danışıqlar masası arxasında oturtmaq üçün ATƏT-in Minsk qrupunu təxirəsalınmaz tədbirlər görməyə, ATƏT PA-nın prezidentini isə məsələni diqqət mərkəzində saxlamağa, danışıqlar prosesinin yenidən başlanmasına və onun substantiv müstəviyə keçirilməsinə gücü çatan töhfəni verməyə çağırıb.