Anar Eyvazov: Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 1-də keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanın ərazisindən cəbhəboyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz şəhərini, Goranboy, Tərtər və Ağdam rayonlarını yenidən artilleriya atəşinə tutub.
Əməliyyatın beşinci gününün sonunadək düşmənin canlı qüvvədə, hərbi və döyüş texnikası baxımından xeyli sayda itkisi var. Düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat katibi xüsusilə qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yanlışdır və əsassızdır. Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
Məlumat verilib ki, ötən müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.
“Dünən məlumat verildiyi kimi, Ermənistan ordusunun alay komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Alayın köməyinə gələn düşmənin əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağının döyüş meydanında atan düşmən bir daha acizliyini nümayiş etdirib. Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var. Ya ərazimizi tərk etməli, ya da yerində məhv olacaq. Qələbə bizimlədir!”, - deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.