Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.