“Biz günlərdir cəbhə bölgəsindəyik. Azərbaycan Ordusunun Ermənistan əsgərlərindən qənimət kimi ələ keçirdiyi hərbi texnikaları və silah-sursatı gördük".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Türkiyənin İhlas Haber Ajansının (İHA) Azərbaycana – cəbhə bölgəsinə ezam olunmuş nümayəndəsi Murad Delice deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu 30 il bundan əvvəlki kimi deyil:
"Hazırda Azərbaycan Ordusu çox güclüdür. Bunu da beynəlxalq arenalarda göstərirlər. Bu günə qədər ortaya çıxan görüntülər də Azərbaycan Ordusunun nə qədər güclü olduğunun əyani sübutudur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin də açıqlamaları Ordunun nə qədər ağıllı, təfəkkürlü və qərarlı şəkildə irəliləyəcəyinin və Ermənistanın illər əvvəl haqlı olmadığı halda işğal etdiyi torpaqları, Qarabağ bölgəsini geri alacağını göstərir".
“Müharibənin də bir qanunu var. Ermənistan silahlı qüvvələri hazırda qanundan kənar hərəkət edir. Yəni dinc əhaliyə güllə, top atılmaz. Heç bir halda dinc əhali müharibə zamanı vurulmaz, hədəf alınmaz. Ermənistan silahlı qüvvələri burada yanlış bir iş görür və dünyada özünü rəzil vəziyyətə salır. Amma Allah böyükdür. Şəhidlər bizim şəhidlərdir. Türkiyədə belə bir söz var - “Biz bir ölərik, min dirilərik”. Azərbaycan Ordusu da min dirilər. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı müzəffər olacağını düşünürəm. Azərbaycandan olan həmkarlarıma, qardaşlarıma da təşəkkür edirəm”, - M.Delice bildirib.