Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən cəlb olunmasına dair Ermənistanın iddiaları yalandır. Bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Əl-Cəzirə” telekanalına müsahibəsində aparıcının müvafiq sualını cavablandırarkən səsləndirib.
Dövlətimizin başçısı deyib: “Qardaşım Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir, onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir”.
Prezident, həmçinin bildirib ki, Türkiyənin suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməsi barədə məlumatlar tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir.