Hikmət Hacıyev: Soydaşlarımızın girovluqda saxlanması Ermənistanın sivil davranışdan kənar ölkə olduğunu göstərir
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin dördüncü ildönümü ilə əlaqədar mətbuat konfransı keçirib.
NUHÇIXAN xəbər verir ki, Hikmət Hacıyev iyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötdüyünü xatırladıb. O qeyd edib ki, D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.
Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində qurama “məhkəmə” təşkil edilib, D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir. Bunun nəticəsində hazırda D.Əsgərov və Ş.Quliyev müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər. Onlara qarşı qeyri-insani rəftarı kütləvi informasiya vasitələri ilə qəsdən nümayiş etdirən Ermənistan tərəfi onların ailə üzvlərini və yaxınlarını psixoloji təzyiqlərə məruz qoyur.
Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. İşğal edilmiş ərazilərdən bir milyondan artıq azərbaycanlı əhali, o cümlədən D.Əsgərov və Ş.Quliyev və onların ailə üzləri etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından zorla qovulub.
D.Əsgərov və Ş.Quliyev və onların ailə üzvləri 1993-cü ildən etibarən məcburi köçkün həyatı yaşayırlar. İyirmi ildən çox davam edən vətən həsrəti onları işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar addımı atmağa sövq edib və bu baxımdan onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. Beləliklə, onların qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı hiddətinə səbəb olur.
Mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, Ermənistan tərəfi beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur. Bu kimi əməlləri ilə Ermənistan Respublikası, həmçinin İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.
Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.
Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüququ təsbit olunur.
Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması, D.Əsgərov və Ş.Quliyev halında olduğu kimi mülki insanları girovluqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi və istisna hallar olmayaraq, Ermənistanın yürütdüyü məqsədyönlü və sistematik siyasətin tərkib hissəsidir. Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayət əməlləri şahid ifadələri və sübutlarla sənədləşdirilib.
Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.
Ermənistan tərəfindən nümayişkarcasına qeyri-insani davranış nümayiş etdirilərək dörd il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanması və digər bu xüsusda olan əməllər münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Bir, daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir.
Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prinsiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.
Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün bütün zəruri addımları bundan sonra da atacaq.