Prezident: Hazırda döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşən Ermənistanın əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir
“Əl-Cəzirə” telekanalının müxbiri Azərbaycan Prezidenti İlham Əliyevə belə bir sual ünvanlayıb: “Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər, fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadə edirlər. Bu münaqişə nə vaxtsa regional ola bilərmi?”
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sualı cavablandıran Prezident İlham Əliyev deyib: “Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir”.
Aparıcının qeyd etdiyi ölkələrin heç vaxt regional münaqişənin olmasına imkan verməyəcəklərinə əminliyini bildirən Prezident diqqətə çatdırıb ki, regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir. Həmin ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. “Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu, 1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışı səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistana xəbərdarlıq etməliyik – işğalı dayandır”, - deyə Prezident qeyd edib.