İşğal olunmuş həmin ərazilərdən güclə çıxarılmış insanlarımız demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu fikri “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib.
Bu barədə söhbəti davam etdirən dövlətimizin başçısı deyib: “Mən sizə 2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsində əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri ermənilər tərəfindən dağıdılmışdı və azərbaycanlılar geri qayıda bilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Biz qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq”.
İşğal altındakı bütün ərazilərdə hər şeyin dağıdıldığını, yer adlarının dəyişdirildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, biz şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. “Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.