Yaponiya KİV-ləri Azərbaycan Ordusunun işğal edilmiş ərazilərdə apardığı uğurlu əməliyyatlardan yazır - FOTOLAR
Yaponiyanın kütləvi-informasiya vasitələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda apardığı uğurlu əməliyyatlardan yazır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın nüfuzlu “Yomiuri simbun” qəzeti, “Yahoo Japan”, “MSN”, “Huffingtonpost” saytları oktyabrın 4-də məlumat yayıblar. Çoxsaylı fotoların da əlavə edildiyi məqalələrə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarında İsrail istehsalı olan “Harop” pilotsuz uçuş aparatlarının (PUA) mühüm rol oynadığı qeyd edilir. Bildirilir ki, haqqında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də məlumat verdiyi bu PUA-lar düşmən obyektlərinə zərbələrin endirilməsində çox səmərəli rol oynayır. H.Hacıyevin sözlərini sitat gətirən nəşrlər yazır: “Əgər Ermənistan Azərbaycanın istifadə etdiyi dronlardan qorxursa, onda işğal etdiyi əraziləri tərk etsin”.
Məqalələrdə Yaponiya ordusunda olmuş kamikadze korpusunun adına uyğun olaraq həm də “kamikadze dron” adını almış bu PUA-ların lazım olan hədəfə tam dəqiqliklə zərbə endirmək qabiliyyətində olduğu xüsusi qeyd edilir.
Bildirilir ki, Azərbaycan Ordusu həmin dronlardan cari il sentyabrın sonlarında aparılan əməliyyatlarda xüsusi uğurla istifadə etməyə başlayıb. Qeyd edilir ki, həmin əməliyyatlar beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Azərbaycan əraziləri hesab edilən, lakin 1994-cü ildən Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ regionunda aparılır.
Məqalələrdə bu dronların taktiki-texniki göstəriciləri barədə də ətraflı məlumatlar öz əksini tapıb. Qeyd edilib ki, bu aparatlar “İsrail Aerokosmik Sənaye” (IAI) şirkəti tərəfindən istehsal edilir və onların uzunluğu 2,5, qanadlarının eni isə 3 metrə bərabərdir. Radarlar tərəfindən aşkar edilməyən bu PUA-lar böyük sürətə malikdir. Onların 23 kiloqram ağırlığında partladıcı maddə daşıdığı və aşkar etdiyi hədəfi vurarkən özünü də partladığı qeyd edilir. Bu aparatların 1000 kilometr məsafəni əhatə etdiyi və havada 6 saat fasiləsiz qalmaq qabiliyyətində olduğu da bildirilir.