Azərbaycanın Xarici İşlər nazirinin ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, nazir Ceyhun Bayramov fransız həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutması barədə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Fransız həmsədrə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Stefan Viskontinin diqqətinə çatdırılıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını bir daha nümayiş etdirdiyini vurğulayıb.
Stefan Viskonti bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edib və atəşkəsə əməletmənin əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin olunması üçün mühüm şərt olmasını qeyd edib.