Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.V.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çul-ku Vanq və baş katibi Han Moral, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başle, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Sulemanpur və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevə rəsmi müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, müraciətlərdə otuz ildən artıq müddətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətrafındakı yeddi rayonunun Ermənistan tərəfindən işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarını tərk etdiyi, BMT Təhlükəsizlik Şurasının işğal altındakı ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsinin bu günə qədər icra olunmadığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu il sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla hücum edilib, dinc Azərbaycan əhalisinin sıx yaşadığı ərazilər ağır artilleriyadan atəşə tutularaq mülki əhali arasında xeyli sayda itkilərə səbəb olub. Hərbi aqressiyanın qarşısını almaq və dinc mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum tədbirləri görülüb.
Son iki gündə işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri – münaqişə zonasından uzaqda olan Gəncənin və Beyləqan şəhərinin raket və mərmilərlə atəşə tutulması nəticəsində 3 nəfər mülki şəxs həlak olub, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxlu sayda evə və infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Həmin cinayət əməlləri barəsində “Facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə öncədən anons etmiş qanunsuz “Dağlıq Qarabağ respublikası”nın başçısı Arayik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Döyüş şəraitində mümkün olan bütün istintaq tədbirlərini həyata keçirən əməkdaşlarımız sırasında fəaliyyət göstərən Ozal Həsənov ağır dərəcəli bədən xəsarəti alması nəticəsində cərrahi müdaxiləyə zərurət yaranıb.
Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ərazisində yerləşən və böyük su hövzəsinin önündə dayanan Mingəçevir su elektrik stansiyasının dambasına zərbələrin endiriləcəyi barədə məlumatlar yayması onların əsl niyyətlərini açıq şəkildə nümayiş etdirib. Bu təhdidin həyata keçirilməsi kütləvi şəkildə insan tələfatı ilə nəticələnərək böyük faciəyə səbəb olacağı xüsusi vurğulanıb.
Həmçinin qeyd olunub ki, Ermənistanın rəhbərliyi tərəfindən bu yaxınlarda elan edilən “yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinasına uyğun təcavüzkar siyasətin həyata keçirilməsi məqsədilə bir sıra ölkələrdən etnik erməni muzdlularının köçürülməsi yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik dəyişikliklərə yönəlmiş hərəkətləri Cenevrə Konvensiyasının aşkar şəkildə pozulmasıdır və müharibə cinayətidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun beynəlxalq hüquq çərçivəsində həll olunacağına dair mövqeyi çatdırılmaqla, münaqişənin bu müstəvidə həll olunması üçün Ermənistana müvafiq üsul və vasitələri ilə təsir göstərilməsi xahiş edilib.