İbrahim Kalın: Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu mövqeyi dəstəkləyirik

A- A A+

Münaqişə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə ortaya çıxıb. Münaqişənin həllinin və uzunmüddətli sülhün yeganə və sadə yolu budur ki, təcavüzkar qüvvələr Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın yerli mediaya müsahibəsində ifadə edib. Gündəlikdə duran məsələləri dəyərləndirən dövlət rəsmisi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələrinə geniş yer ayıraraq fikirlərini belə ifadə edib: “Ədalətə dayanmasa uzunmüddətli sülhə nail olmaq mümkün deyil”.

Beynəlxalq münasibətlərdə bir böhranın illərlə davam etməsinin mütləq bundan bəhrələnmək istəyən bəzi qüvvələrə sərf etdiyini vurğulayan prezidentin müşaviri deyib ki, mövcud problem sadəcə Ermənistan ilə Azərbaycan arasında olsaydı, böyük ehtimalla münaqişə fərqli şəkillərdə daha əvvəl həllini tapa bilərdi.

Qarabağ məsələsinin həllinin Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından qeyri-şərtsiz çəkilməsində olduğunu və bölgədə uzunmüddətli sülhün yaranmasının da buna bağlı olduğunu diqqətə çatdıran İbrahim Qalın deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu mövqeyi düzgün hesab edir və dəstəkləyirik. Çünki bu günlərdə dedi ki, əgər Ermənistan işğal etdiyi torpaqlardan çəkilərsə, dərhal atəşkəs olar, humanitar yardımlar çatdırılar və bölgəyə sabitlik gələr. Biz də Azərbaycanı bu təməl bazasında dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”.

BMT və ATƏT-in qərar və qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, eləcə də Ermənistanın Türkiyəyə əsasız iddia və ittihamlarının yersiz olduğunu, saxta təbliğat işləri fasiləsiz olaraq apardıqlarını vurğulayan İbrahim Kalın deyib: “Ermənilər belə bir rəy formalaşdırmağa çalışırlar ki, Qarabağda hər şey güllük və Gülüstanlıq içində olub. Türkiyə araya girməklə döyüşlər başlayıb. Bu deyilənlər tam əksindədir. Qarabağda illərdən bəri davam edən erməni işğalı var. Buna qarşı hər zaman Azərbaycan müqaviməti olub. Burada Türkiyənin mövqeyi və niyyəti bəllidir”.

Azərbaycanda F-16 qırıcılarının olması barədə xəbərləri uydurma, eləcə də Azərbaycan Ordusunun arsenalında pilotsuz silahlı aparatların (SİHA) mövcudluğunu normal hal kimi dəyərləndirən dövlət rəsmisi bildirib ki, başqa ölkələr milyardlarla dollar məbləğində silah satanda heç kəsin səsi çıxmır, Azərbaycanın öz müdafiəsi üçün silah almasında günah axtarmaq yersizdir.

İbrahim Kalın məntiqi mülahizələr və faktlarla əsaslandırıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Türkiyəyə yersiz iddialarının təcavüzkar dövləti inkişafdan saxlayıb, rəzil və səfil halına salıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: