Azərbaycan-Rusiya: geosiyasi tərəfdaşlığın perspektivləri

A- A A+

Dünyada intensiv geosiyasi proseslər gedir. Müxtəlif regionlarda qüvvələr nisbəti çevik surətdə dəyişir. O cümlədən yeni perspektivli əməkdaşlıq formatları meydana gəlir. Mütəxəssislər son zamanlar həmin kontekstdə tez-tez Azərbaycan-Rusiya geosiyasi oxundan bəhs edirlər. Məsələyə qlobal dünya siyasətinin indiki reallıqları prizmasından yanaşdıqda, doğrudan da, çox əhəmiyyətli və incə məqamlar üzə çıxır. Həm mövcud geosiyasi ziddiyyətləri nəzərə almaq lazım gəlir, həm də əməkdaşlıq üçün açılmış yeni imkanlardan ağılla istifadə etmək ehtiyacı qarşıda durur. Geniş siyasi təfəkkürün işığında Rusiya-Azərbaycan əməkdaşlığının ciddi perspektivləri aydın görünür. Bunun üçün real zəmin formalaşıb. Tarixi ənənə də iki dövlət arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük əsasların olduğunu göstərir. Problemin bu cəhətləri üzərində daha geniş dayanmaq ehtiyacı vardır.

Tarix və yeni geosiyasi şərait: Moskva-Bakı xəttinin dinamikası

Rusiya-Azərbaycan münasibətləri geosiyasi proseslərin daha da mürəkkəbləşməsi fonunda yeni aktuallıq kəsb edir. Təbii ki, Rusiya böyük dövlət kimi həmişə qlobal geosiyasətin ön cəbhəsində olub, dünya siyasətinin gündəmini formalaşdıran ölkələrdən sayılıb. Azərbaycan faktorunun regionun geosiyasi mənzərəsi üçün daha da aktuallaşmasının öz səbəbləri vardır. Həmin səbəblər birmənalı olaraq Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətlə bağlıdır. Ölkə rəhbərliyi həyata keçirdiyi müstəqil və balanslı xarici siyasət kursu ilə sübut etdi ki, Cənubi Qafqazın lider dövlətidir. Regionun təhlükəsizliyinin təminatçısı və təhlükəsizlik sisteminin formalaşmasında başlıca rol oynayır.

Azərbaycan enerji əməkdaşlığı sahəsində çox maraqlı və perspektivli proqramlar həyata keçirən nadir ölkələrdəndir. Bütün dünya artıq bunu etiraf edir. Həmin əməkdaşlıq layihələri bütövlükdə dünyanın enerji təhlükəsizliyində ciddi rol oynayır. Bunlarla yanaşı, Azərbaycan ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı kimi geosiyasi dinamikada xüsusi yer tutan dövlətdir. Həmin kontekstdə Azərbaycan-Türkiyə-Rusiya və Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatlarının perspektivi daha aydın dərk edilir.

Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsində bir mühüm məqamı da vurğulamaq gərəkdir. Biz, Türkiyənin əldə etdiyi nailiyyətləri və terrorla mübarizədəki uğurlarını nəzərdə tuturuq. Ankara dünyada söz sahibi olduqca, ona dost və qardaş olan dövlətlərin geosiyasi dəyəri də artır.

Nəhayət, Rusiya-Türkiyə münasibətlərinin sürətlə inkişaf etməsi Azərbaycana xüsusi geosiyasi səmərəli mühit formalaşdırır. Bakı Rusiya və Türkiyə üçün əhəmiyyətli dövlət kimi regional proseslərdə daha mühüm rol oynamağa başlayıb. Bu baxımdan təsadüfi deyil ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında və inkişafında daha çox fəal olan Rusiya analitikləri, siyasətçiləri və jurnalistləri indi Azərbaycan-Rusiya geosiyasi xəttinin inkişafı üçün geniş fəallıq göstərirlər. Onlar son olaraq Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndində beynəlxalq konfransda iştirak ediblər.

Konfrans iyulun 1-də olub və belə adlanıb: "Moskva-Bakı geosiyasi oxu. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir". Tədbirdə Dövlət Dumasının deputatları, Beynəlxalq Avrasiya Hərəkatının üzvləri, İzbor Klubunun nümayəndələri iştirak ediblər. Bu, "Moskva-Bakı geosiyasi oxu" ictimai platforması çərçivəsində keçirilib. Konfransda tanınmış simalardan Aleksandr Duqin, Aleksey Yezubov, Dmitri Savelyev, İqor Korotçenko və Maksim Şevçenko da iştirak ediblər. Belə görünür ki, Azərbaycanın işğaldan azad edilmiş bir kəndində mötəbər tədbir keçirmək təsadüfi şərtlərə bağlı deyil. Bu, iki dövlət arasında real məzmun kəsb edən əməkdaşlıq proseslərinin növbəti çalarları ilə əlaqəlidir.

Məsələ ondan ibarətdir ki, Kreml Cənubi Qafqazda real olaraq müstəqil dövlətçiliyi uğurla öz təsdiqini tapan ölkənin Azərbaycan olduğunu etiraf etməyə başlayıb. Özü də bu, uzun illərdir ki, Rusiyanın aktiv himayədarlıq etdiyi Ermənistanın səbatsız xarici siyasəti, qeyri-konstruktiv kursu və Moskvanı aldatmağa yönəlmiş siyasi manevrləri fonunda daha aydın görünməkdədir. Həmin tendensiya N.Paşinyanın hakimiyyətə gəlişindən sonra xeyli qabarıq surətdə özünü göstərir. İndi rəsmi İrəvan Rusiya üçün qeyri-müəyyən imici olan adamları yüksək vəzifələrə gətirir.

Cocuq Mərcanlıdakı konfransda Rusiyanı təmsil edən insanlar məsələnin bu tərəfinə ayrıca diqqət yetiriblər. Onlar açıq mesajlar veriblər ki, N.Paşinyan V.Putini qıcıqlandırır və belə şeyləri Kreml bağışlamır. Daha dərində olan isə Ermənistanda indiki hakimiyyətin Amerikanın sifarişi ilə formalaşdığı tezisinə Rusiya siyasi dairələrinin inanmasıdır. Moskva ehtiyat edir ki, bu kimi addımlarla Ermənistan Qərbin geosiyasi təsiri altına düşə bilər. Gürcüstanla yanaşı, Ermənistan da Rusiyaya qarşı duran düşərgəyə keçə bilər. Buna görə də Rusiya Qafqazda Azərbaycana daha çox geosiyasi imkanlar yaratmalıdır.

Daha geniş əməkdaşlıq naminə: qarşılıqlı fayda və ədalətli mövqe

Burada ədalət naminə bir məqamı da vurğulamaq gərəkdir. Əlbəttə, Rusiya böyük dövlətdir və onun siyasəti əsas olaraq bu faktoru nəzərə alıb formalaşdırılır. Bu aspektdə deyə bilərik ki, Kreml Ermənistanı əldən verməz. Yəni Rusiyanın siyasi və analitik dairələrinin Azərbaycan haqqında yüksək pafoslu cümlələr işlətməsi, əlbəttə, başa düşüləndir. Moskvanın indi məhz Gürcüstan və Azərbaycandan bəhs etməsi onun Cənubi Qafqazda yenidən tam hakim olmaq istəyindən xəbər verir.

Bu o deməkdir ki, bir sıra dairələrin Rusiya-Azərbaycan geosiyasi oxunu tam anlamı ilə Ermənistanın sıxışdırılması kimi təqdim etməsinin real əsasları yoxdur. Burada daha çox müəyyən bir siyasi-ideoloji addım özünü göstərir. N.Paşinyan da bu kontekstdə Rusiya-Ermənistan geosiyasi müttəfiqliyinə ciddi maneə ola bilməz. Kreml istədiyi an və istədiyi üsulla onu əvəz edə biləcək. Deməli, hələlik ondan müəyyən ideoloji məqsədlər üçün istifadə etmək niyyəti mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyevə gəldikdə isə, bu, tamamilə başqa mövzudur. Çünki N.Paşinyan bir siyasətçi olaraq İlham Əliyevin yanında bir heçdir, onları müqayisə etmək düzgün deyil. İlham Əliyev böyük diplomatiya və siyasət məktəbi keçmiş, Ulu Öndər kimi böyük siyasətçidən tərbiyə almış, yüksək hazırlıqlı dövlət xadimidir. Bəs Nikol Paşinyan kimdir? Küçədən təzyiqlə məcburən Ermənistana rəhbər gəlmiş bir sərsəri. Bunları çox yüksək səviyyədə və dərindən bilən Vladimir Putin, əlbəttə, N.Paşinyanı İlham Əliyevlə müqayisə etməz. V.Putin həmişə İlham Əliyevə üstünlük verəcək.

Bunlarla yanaşı, Rusiya-Azərbaycan geosiyasi oxunun reallaşa bilməsinə imkan yaradan konkret geosiyasi proseslərin getdikcə daha geniş yer aldığını qətiyyən unutmaq olmaz. Sözün həqiqi mənasında Rusiyanın Cənubi Qafqazda Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı vardır.

Birincisi, Azərbaycan müstəqil xarici siyasət yeridir və heç bir xarici dövlətin diqtəsi ilə hərəkət etmir. Rəsmi Bakı ancaq milli maraqlara uyğun addımlar atır və bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir.

İkincisi, Azərbaycanda son prezident seçkiləri açıq göstərdi ki, burada tam demokratik şəraitdə, sakitliklə və yüksək siyasi mədəniyyət çərçivəsində iqtidar formalaşır. Bu da hakimiyyətin tam legitim olması deməkdir. Bunun fonunda Ermənistan və Gürcüstandakı istefa dalğaları onların daha az etibarlı tərəfdaş obrazını yaradır.

Üçüncüsü, dünyanın bütün böyük dövlətləri – ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya, Türkiyə, İran və digərləri İlham Əliyevlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər. Yəni dünyanın hər bir suveren ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Rusiya niyə kənarda qalmalıdır?

Dördüncüsü, Azərbaycanla Rusiyanın əməkdaşlığını sübut edən tarixi ənənə vardır. Bu ənənə niyə qırılmalıdır?

Beşincisi, Rusiyanın daxilində milyonlarla türk-müsəlman xalqlarının yaşaması fonunda Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığının inkişafı çox təbii və zəruri prosesdir.

Altıncısı, qlobal və regional miqyasda baş verən geosiyasi proseslər bir daha təsdiq edir ki, Avrasiyanın geosiyasi taleyi ilk növbədə Rusiya və müstəqil türk dövlətləri arasında olan münasibətlərdən xeyli dərəcədə asılıdır.

Bütün bunlar Azərbaycan-Rusiya geosiyasi oxunun tarixi bir zərurət olaraq meydana gəldiyini və hər iki tərəf üçün sərfəli olduğunu bir daha sübut edir. Sözsüz ki, Azərbaycan tərəfi tam səmimiyyəti ilə bu əlaqələrin daha da inkişaf etməsinə çalışacaq. Rusiyanın isə erməni şantajına uymaması, onların aranı vurmalarına imkan verməməsi gərəkdir. Bəli, Rusiya supergücdür, ancaq həm də ona görə ki, həlledici məqamlarda ədalətli olmağı bacarıb. İndi Kreml növbəti tarixi sınaq qarşısındadır. Əhəmiyyətlidir ki, sınaq meydanlarından biri də Azərbaycandır. Hər iki dövlətin, dost xalqların bu sınaqdan üzüağ çıxmasını arzulardıq!

Newtimes.az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: