Baş Prokurorluq: Mingəçevir şəhərində beş nəfər yaralanıb - FOTOLAR
İşğalçı ölkənin silahlı qüvvələri oktyabrın 4-də saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometrdən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutmuşdur.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, atılmış 3 raketdən 2-si partlamamışdır. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşmüşdür. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.
Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.