“The Washington Post” nəşri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə zonasından kənarda yerləşən şəhərlərinə raket zərbələri haqda yazıb
“The Washington Post” qəzetində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə zonasından kənarda yerləşən şəhərlərinin yaşayış məhəllələrinə raket zərbələri haqda məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin bazar günü Ermənistanın Gəncəyə və Mingəçevirə raket zərbələri endirməsi barədə bəyanatla çıxış etməsi qeyd olunur. Bir neçə yüz min nəfərin yaşadığı, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Xankəndidən təqribən 100 kilometr məsafədə yerləşir.
Oktyabrın 4-də Hikmət Hacıyev öz “Twitter” səhifəsində Gəncədəki zədələnmiş binaların təsvir edildiyi video yerləşdirib. H.Hacıyev videoda təsvir edilənləri “Gəncədə əhalisi sıx olan rayonlara Ermənistan tərəfindən şiddətli raket zərbələrinin nəticəsi” hesab edir. Nəşrdə, həmçinin qeyd edilir ki, Ermənistan silahlı qüvvələri “su anbarının və əsas elektrik stansiyasının yerləşdiyi” Mingəçevirə də raket zərbəsi endirib.
Məqalədə qeyd olunur ki, Azərbaycan rəsmilərinin verdiyi məlumata görə mülki infrastruktura zərbələr endirilməsi nəticəsində 1 dinc sakin həlak olub, 32 nəfər yaralanıb.
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib: “Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq-aşkar təxribatdır və döyüş əməliyyatı zonasını genişləndirir”.
H.Hacıyevin sözlərinə görə Mingəçevirdə infrastruktura ciddi ziyan vurulmayıb, lakin zərbələr nəticəsində dinc sakinlər yaralanıb.
Bazar günü Azərbaycan Prezidenti İlham Əliyev öz “Twitter” səhifəsində yazıb ki, Azərbaycan qoşunları Cəbrayıl şəhərini və həmin rayonun bir neçə kəndini işğaldan azad ediblər.
Məqalədə qeyd edilir ki, 1994-cü ildə atəşkəs haqqında müqavilə bağlanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri təkcə Dağlıq Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarından kənarda yerləşən xeyli ərazini, o cümlədən Cəbrayıl rayonunu işğal ediblər. Bazar günü Azərbaycan qoşunları Cəbrayılı işğaldan azad ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, döyüş əməliyyatlarının dayandırılması üçün yeganə şərt Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasıdır.
Türkiyənin Xarici İşlər Nazirliyi bazar günü ermənilərin Gəncəyə hücumunu pisləyərək bildirib ki, bu hücum Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasına sübutdur. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri deyiblər: “Ermənistan regionda sülhə və sabitliyə nail olmaq yolunda ən böyük əngəldir”. Məqalədə deyilir ki, Ankara Ermənistanı mülki yaşayış məhəllələrinə hücum etməkdə təqsirləndirib və Ermənistanın insanlığa qarşı cinayətlər törətdiyini bildirib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri barəsində beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar erməni işğalçı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca qətnamə qəbul ediblər.