Düşmənin Bərdə şəhərinə atdığı raket zərbəsi nəticəsində bir mülki şəxs həlak olub, üç nəfər xəsarət alıb
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Oktyabrın 5-də səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin sıx yaşadığı məntəqələri atəşə tutub.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.