NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, məlumatda deyilir:
“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.
Bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə çaşqınlıq yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırmışlar.
Ermənistan tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.
Bu məqsədlə son günlər Türkiyə Respublikasına məxsus (+902125184670; +902125183871; +90212518786; +902125183356; +902125286736; +902125183885; +902125183850; +902125182150; +902125185453), Rusiya Federasiyasına məxsus (+79021820767; +73650905246), Macarıstan Respublikasına məxsus (+36212921756; +36212354968), Polşa Respublikasına məxsus (+48603102587), Monteneqro Respublikasına məxsus (+38268430967) Belçika Krallığına məxsus (+321083440192) stosionar, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin mobil peyk xidmətinə aid (+8821622775344) telefon nömrələrindən Naxçıvan Muxtar Respublika sakinlərinə edilən məqsədli zənglərdə guya ermənilərin ərazimizə hücum etmələri, dərhal yaşadıqları ərazini tərk etmələri bildirilməklə əhali arasında vahimə, qorxu və inamsızlıq yaratmağa çalışırlar.
Qeyd olunanlarla əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlərə reaksiya verməmələrini, qeyd olunan nömrələrlə təkrar əlaqə saxlamamalarını, eləcə də xaricdən məlum olmayan nömrələrdən daxil olan zənglərə cavab verilməməsini tövsiyə edir”.