Azərbaycan səfiri Fransa jurnalına müsahibəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə danışıb - FOTOLAR
Münaqişənin əsas səbəbi Azərbaycan torpaqlarında xarici ölkənin silahlı qüvvələrinin olmasıdır, ərazilərimizin işğal altında olmasıdır. Azərbaycan həmişə münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olsa da, qarşı tərəf buna hazır olmayıb. Bu gün Azərbaycanın işğal altında olan torpaqları azad olduqdan sonra danışıqlara başlamaq olar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Musulmans et musulmans en France” jurnalına müsahibəsində deyib.
Səfir bildirib ki, beynəlxalq hüququn prinsiplərinə riayət etmək lazımdır. Doğma yurdlarına qayıtmaq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüququdur. Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır və bu, bizim üçün Vətən müharibəsidir. Beynəlxalq hüquq bizə torpaqlarımızı azad etmək hüququ verir.
Səfir qeyd edib ki, danışıqlara çağıran bəzi siyasətçiləri anlamırıq. Azərbaycan həmişə münaqişənin sülh, danışıqlar yolu ilə həllinə çalışıb. Ancaq qarşı tərəfin danışıqlar yolu ilə həllə istəyi olmayanda bu, heç bir nəticə vermir. Xalqına böyük vədlər verərək hakimiyyətə gələn Paşinyan rejimi iflasla üz-üzədir. Bu gün döyüş meydanında minlərlə gəncin həlak olmasına o, məsuliyyət daşıyır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verən səfir Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən danışıb. Bildirib ki, bir milyon azərbaycanlı Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayondan didərgin salınıb, onlar 30 ildir qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar.
Səfir bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını tələb edir. Ancaq bu günə qədər bu qətnamələrə məhəl qoyulmayıb. 27 il danışıqlar prosesi zamanı da erməni silahlı qüvvələri ərazilərimizə hücum etməkdə davam edib.
Cari ilin iyul ayında Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsindən 200 kilometr uzaqda olan Tovuz rayonu ərazilərinə hücum edib. Sentyabrın 27-də başlayan hərbi təxribata Ermənistan açıq şəkildə hazırlaşırdı. Təəssüf ki, Minsk qrupunun həmsədrləri bu təxribatlara reaksiya vermədilər. Bu da qəbuledilməzdir. Ermənistanın baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonla bağlı qəbuledilməz bəyanatlar verirdi. Həmsədrlər yenə reaksiya vermirdilər. Belə vəziyyətdə Prezidentimiz BMT Nizamnaməsində əksini tapan özünümüdafiə hüququna istinad edərək cavab tədbirləri görülməsi ilə bağlı qərar qəbul etdi. Bu gün Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edir.
Səfir müsahibəsində Azərbaycanın multikultural ölkə olduğunu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə birgə mehriban yaşadıqlarını qeyd edib.