Alman tarixçi, türkoloq, nəsimişünas alim Mixael Raynhard Hess özünün “Facebook” səhifəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, alim hadisələrə dair alman mətbuatının yanaşmasına istinad edib və burada köhnə klişelərdən istifadə olunduğunu vurğulayıb. Bu kontekstdə aparıcı “Spiegel” jurnalında münaqişəyə dair dərc olunmuş məqalədə “Ermənistan tərəfindən nəzarət olunan Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən müsəlman ölkəsi Azərbaycana məxsus olması” və “Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi əməliyyata başlaması” cümlələrini təhlil edən M.Hess birincinin lüzumsuz yerə dini amili qabartdığını, ikincinin guya Dağlıq Qarabağın Azərbaycandan ayrı ərazi, Azərbaycanın isə ona hücum edən kənar aktor olması təəssüratı yaratdığını vurğulayır. Qeyd edir ki, belə ifadə Azərbaycan haqqında təcavüzkar obrazı yaradır, halbuki bu, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsini nəzərə alsaq, absurddur. Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsi daha düzgün ifadə olardı.
Müəllif alman mətbuatında oxşar ifadələrdən istifadə edilməsinin arxasında anti-müsəlman düşmən obrazının dayandığı fikrindədir. Bildirir ki, erməni tərəfi bu obrazı həmişə təşviq edir, bununla Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına və Xocalı qətliamı kimi müharibə cinayətlərinə xristian-müsəlman qarşıdurması donu geyindirməyə çalışır. Tarixçi alim Dağlıq Qarabağın əhalisinin əksəriyyətinin 1830-cu illərədək müsəlman olduğunu, bu demoqrafik vəziyyətin 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülhündən sonra ermənilərin bölgəyə köçürülməsi nəticəsində çar Rusiyasının işğal siyasətinin tərkib hissəsi olaraq dəyişdilirdiyini bildirir.
M.Hess, həmçinin münaqişənin son 25 ildə həll olunmaması və indi yenidən qızışmasının səbəbi kimi qlobal siyasi sistemin böhranını görür. Bu sistemin işğalçı müharibələr, soyqırımı, işgəncə və qətliamların qarşısını ala biləcək mexanizmlərinin olmadığını, hazırda dünyanın I və II Dünya müharibələri ərəfəsindən yaxşı vəziyyətdə olmadığını qeyd edir. Eyni zamanda, dünyanın bu münaqişəyə uzun müddət biganə qaldığını vurğulayır.