Soyuq zirzəmilər, zülmət gecələr və böyük qorxu - FOTOLAR

A- A A+

Xankəndi tam boşalır, hərbi xidmətdən yayınan erməni gənclər isə intihar edir

Cəbhədə vəziyyəti gərginləşdirməklə diqqəti Ermənistan daxilindəki problemlərdən yayındırmaq işğalçı ölkədə uzun illər həyata keçirilən əsas taktikalardan biri olub. Lakin küçədən ölkə rəhbərliyinə gələn Nikol Paşinyana bu taktika indi baha başa gəlməkdədir. Cəbhədə davam edən hərbi əməliyyatlar Ermənistanın güclü Azərbaycan qarşısında duruş gətirməkdə aciz olduğunu əyani şəkildə üzə çıxardıb. Döyüşlər erməni tərəfinin çoxsaylı itkilərə məruz qalması, işğal altındakı əraziləri tərk etməsi ilə nəticələnir. Cəbhə xəttində baş verənlərlə bağlı erməni mediasında davamlı olaraq məlumatlar paylaşılır.

Ermənistan ordusunda özbaşınalıq hökm sürür, döyüş ruhu aşağı düşüb

"Qrapark” qəzetinin Xankəndiyə ezam olunmuş müxbiri yazır ki, əhali müharibənin onlara böyük fəlakətlər gətirəcəyini yaxşı bilir: "Bir həftədir Stepanakertdəyik (Xankəndi-red.) Gecələr zülməti yaşayırıq, soyuq zirzəmilər insanlarla doludur. Şəhərdə işıq yoxdur. Baş verənlərdən erməni əsgər anaları çox narahatdırlar. Onlar Paşinyanın övladlarını ölümdən qurtaracağını gözləsələr də, bunun əksi baş verdi. Paşinyan Azərbaycanla müharibənin acı nəticələrini hesablaya bilməyib. O dərk etməlidir ki, erməni cəmiyyəti müharibədən bezib. Oğulları özgə torpaqlarda ölən erməni əsgər analarının naləsi Stepanakerti bürüyüb. Paşinyana, Araik Arutunyana nifrət artır. Erməni ordusunda özbaşınalıq hökm sürür, döyüş ruhu aşağı düşüb və yeni nəsil mənasız müharibədə vuruşub ölmək istəmir”.

"4rd.am” saytı yazır ki, elə bu günlərdə Ermənistanda hərbi xidmətə çağırılan gənc intihar edib. Hadisə Xankəndi yaxınlığında baş verib. Belə ki, Dağlıq Qarabağ bölgəsində yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən 28 yaşlı Arman Mixitaryan çıxış yolunu intiharda görüb. O, gizləndiyi zirzəmidə özünü asaraq həyatına son verib. Özünü öldürən Armanın cibindən məktub tapılıb. O, Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz olaraq intihar etdiyini yazıb.

"Kimisi üçün müharibə, kimisi üçün isə biznesdir”

Rusiyanın "Dojd” telekanalı Xankəndidən reportaj hazırlayıb. Xankəndi sakini Naxşun Qriqoryan döyüş əməliyyatlarının ikinci günündə ərinin həlak olmasından danışıb. İndi o, dərhal orduya çağırılan qardaşı üçün qorxur.

N.Qriqoryan deyir ki, əri hərbçi olub və işğal altında olan Şuşada xidmət edib: "O, Şuşada xidmət edirdi və onu ön cəbhəyə göndərməməli idilər. Onu qanunsuz olaraq başqa yerə göndərdilər və onlar maşında gedərkən hamısını məhv etdilər. Şuşada daha təhlükəsiz idi, mənim ərim isə qanunsuz olaraq başqa yerə göndərildi və onu öldürdülər. Bu, necə ölkədir axı?”

Naxşun Qriqoryanı Ermənistana yola salan anası deyir ki, onun oğlunu da orduya çağırıblar və Azərbaycan Ordusuna qarşı vuruşmağa göndəriblər: "Mənim oğlum təzəlikcə hərbi xidmətdən qayıtmışdı və onu dərhal yenidən çağırdılar və hərbi posta göndərdilər”.

Naxşun onu da əlavə edib ki, əri müharibənin ikinci günündə ölüb: "Biz onu dəfn edə bildik. Mən Cermuka gedirəm, anam isə burada ölmək üçün qalır. Qardaşımı atmaq istəmir. Burada kim nə istəyir, onu da edir. Kim üçün müharibə, kim üçünsə də biznesdir. Niyə gəncləri ölməyə göndərirlər?! Azərbaycanlılar onsuz da bizdən güclüdürlər, gəncləri isə ölümə göndərirlər”.

Hərbi texnikalar köhnəlmiş və istifadəyə yararsızdır

"Sputnik Armeniya” saytı yazır ki, əhali Xankəndini tərk etməkdə davam edir. İndi orada əsasən kişi əhalisinin bir hissəsi qalıb. Bildirilir ki, atəş gurultuları getdikcə daha yaxından və ucadan eşidilir. Şəhərin əhalisi qələbəyə ümidini itirib və separatçı hakimiyyətin tezliklə süqut edəcəyini gözləyir. Mənzillərdə işıq kəsilib, tez-tez həyəcan siqnalı verilir və hətta qalan kişi əhalisi də zirzəmilərdə gizlənməli olur.

Yazılır ki, Azərbaycan hərbi cəhətdən indi özünü daha rahat hiss edir və Qarabağ məsələsini güc yolu ilə həll edir. Davam edən müharibə göstərir ki, Azərbaycandan fərqli olaraq erməni ordusunda vəziyyət getdikcə ağırlaşır, hərbçilərə lazımi diqqət yetirilmir.

"İravnuk” qəzeti müharibədə yaralanan və Xankədidə hospitallardan birində müalicəsini davam etdirən erməni əsgər Aşot Movsisyanın fikirlərini dərc eləyib. Erməni əsgər jurnalistlə söhbətində yaşadıqlarının bir an öncə bitməsini və təkrar olunmamasını arzulayıb. Movsisyanın sözlərinə görə, hərbi əməliyyatlar zamanı ermənilər arasında heç bir koordinasiya yoxdur və komandirlər əsgərləri ön cəbhəyə göndərərək onlardan qalxan kimi istifadə edirlər. Döyüşlərdə onların ixtiyarına verilən hərbi texnikalar isə əsasən köhnəlmiş və istifadəyə yararsız vəziyyətdədir: "Qorxuncdur, heç xatırlamaq belə istəmirəm. Yeməyə də əsgərlər heç nə tapmır. Çox dəhşətli günlər yaşayırıq”.

Xankəndi boşalır

"Radio Sputnik” qeyd edir ki, Xankəndi şəhərinin və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinin sakinləri kütləvi şəkildə Ermənistana üz tuturlar. Təmas xəttinə yaxın yaşayış məntəqələri praktiki olaraq boşalıb. İnsanlar Xankəndinin mərkəzindəki mehmanxananın qarşısında toplaşırlar. Onlar ya avtobuslarla, ya taksi və təsadüfi maşınlarla Yerevana gedirlər. Qarabağdan getmək istəyən ermənilərdən biri deyib ki, çox qorxurlar, şəhərdə döyüşlər gözlənilir.

Ermənistan tərəfindən 100-ə qədər PKK üzvü döyüşür

"The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi "Twitter” səhifəsində yazıb ki, Xankəndidə Ermənistan tərəfindən 100-ə qədər xarici silahlı döyüşür: "Son vaxtlar xarici silahlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirakı ilə bağlı bir çox ittihamlar var. Çox yüksək vəzifəli və məlumatlı bir mənbədən 100-ə qədər xarici silahlının (mənə deyildiyi kimi, bəlkə də PKK) Xankəndidə olduğunu eşitdim. Xarici silahlıların varlığı - pis xəbərdir!”

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: