Milli Məclisin iclasında Madagiz kəndinin Suqovuşan adlandırılması təsdiqlənib - FOTOLAR
Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bu gün hər birimizin ürəyinin qürurla dolub-daşdığını bildirib. Qurtuluş savaşı aparan Ordumuz yeni-yeni ərazilərimizi düşməndən təmizləyərək zəfər yürüşünü davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dediyi kimi, “Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq”.
Bu gün döyüş meydanında xalqımızın taleyi və müqəddəratı ilə bağlı məsələnin həll olunduğunu bildirən Sədr deyib: “Mən əminəm ki, qarşıda bizi yeni böyük uğurlar gözləyir.
İndiyədək Cəbrayıl şəhəri və həm bu rayonda, həm də digər ərazilərdə çoxlu sayda kənd düşməndən təmizlənib. Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının, Şuşanın, işğal altında olan digər torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil.
Əldə edilən hərbi qələbələr, təəssüf ki, itkisiz başa gəlmir. Azərbaycanın qəhrəman əsgər və zabitləri Vətən torpağını düşməndən xilas etmək üçün ölümün gözünə dik baxırlar. Bununla birlikdə, döyüş meydanında duruş gətirə bilməyən xain düşmən öz terrorçu mahiyyətini göstərərək, mülki obyektləri, yaşayış məntəqələrini raket atəşinə tutur. Dinc əhali arasında həlak olan və yaralananlar var”.
Milli Məclisin Sədri bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyib.
Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqı dövlətimizin başçısının və Ali Baş Komandanın ətrafında sıx birləşib, hərb tariximizi yeni hünər və qələbələrlə zənginləşdirən müzəffər Ordusunun yanındadır. Əminəm ki, bu birlik, bu dəstək, bu qüvvət sayəsində tezliklə Qarabağın hər yerində şanlı Azərbaycan bayrağı dalğalanacaq. Qəhrəman Ordumuza, mətin xalqımıza, müdrik rəhbərimizə eşq olsun!
Milli Məclisin Sədri bir məlumatı da nəzərə çatdırıb ki, parlamentin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları dövlətimizin başçısının və Birinci vitse-prezidentimizin başladıqları aksiyaya qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər. Sədrin çıxışı alqışlarla qarşılanıb.
İclasın gündəliyi təsdiq edildikdən sonra deputatlar cari məsələlər barədə fikirlərini bildiriblər.
Çıxış edən deputatlar Cavanşir Feyziyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Emin Hacıyev, Əli Məsimli, Müşfiq Cəfərov, Səttar Möhbalıyev, Cavid Osmanov, Azər Badamov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Zahid Oruc, Erkin Qədirli Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı Ordumuzun zəfər yürüşü, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyi ilə bağlı fikirlərini ifadə ediblər.
İclasda çıxış edən Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib ki, erməni lobbisi Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasında Azərbaycan əleyhinə 1165 saylı qətnamə layihəsinin müzakirəyə çıxarılmasına hazırlaşır. Bu işə Konqresin erməni qrupunun iki həmsədri rəhbərlik edir. Həmin şəxslərin hər ikisi demokratdır, onlar erməni soyqırımı üzrə aktın sponsoru olublar. Onlardan biri Cek Spear 1165 saylı qətnamə ilə bağlı Nümayəndələr Palatasının 46 üzvündən dəstək alıb. Ümumiyyətlə isə Konqresin erməni qrupunun 116 üzvü var.
Adil Əliyev deyib ki, hazırda ABŞ-da yaşayan Azərbaycanlı icmasının üzvləri ABŞ Nümayəndələr Palatası tərəfindən 1165 saylı qətnamənin qəbulunun dayandırılması üçün imzatoplama kampaniyasına başlayıblar. Lakin bu iş lazımi səviyyədə deyil. Adil Əliyev ABŞ-da 40 mindən çox azərbaycanlının yaşadığını nəzərə alaraq onları bu məsələdə daha fəal olmağa çağırıb. Sədr müavini Milli Məclisin deputatlarını da bu məsələyə kömək göstərməyə səsləyib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Tərtər rayonunun Madagiz kəndi erməni işğalından azad edilən kimi Prezident İlham Əliyev onun tarixi adını geri qaytararaq həmin kəndi Suqovuşan adlandırıb. Bu gün Milli Məclis həmin məsələni qanuniləşdirəcək. Qanun layihəsi bir oxunuşda təsdiqlənəcək.
“Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, məsələ komitənin iclasında müzakirə olunub. Komitə üzvləri məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 14 məsələsi parlamentin oktyabrın 2-də keçirilən iclasında ikinci oxunuşda müzakirədən keçmiş qanun layihələridir. Bu gün həmin qanun layihələri üçüncü oxunuşda müzakirəyə təqdim edilib. Bildiyiniz kimi, üçüncü oxunuşda qanun layihəsinin mətninə dəyişiklik edilmir.
Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim edib. Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis edilən yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaqlar.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də üçüncü oxunuşda baxılıb. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edib. Deputat bildirib ki, Azərbaycan Prezidenti 2018-ci il dekabrın 28-də tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi barədə komitənin rəyi müsbətdir. Qeyd olunub ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiqlənməsi mexanizmindən imtina olunmasını və rüsumların daimi əsasda müəyyən edilməsini nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verib. Bildirib ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələnin üçüncü oxunuşu ilə bağlı bildirib ki, layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verib ki, bu qanun layihəsi də valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanun layihəsinə əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsini (üçüncü oxunuş) şərh edən Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, bu sənəd də “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Əmək, Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Uşaq hüquqları haqqında” Qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təqdim edərkən bildirib ki, layihə “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. Layihə üçüncü oxunuşda təsdiq edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara (üçüncü oxunuş) təklif edilən dəyişikliklərin “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlandığını bildirib. Deputat qeyd edib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra komitəyə heç bir yeni qeyd və təklif daxil olmayıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşa təqdim edib. Bildirilib ki, təklif olunan dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulması məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. İkinci oxunuşdan sonra qanun layihəsi üzərində heç bir düzəlişin aparılmadığı diqqətə çatdırılıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğulayıb ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə olunacaqlar. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatında qeyd edib ki, təklif olunan dəyişikliyə əsasən publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əmək haqqı fondunun həcmini də təsdiq edəcək. Sənəd səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, üçüncü oxunuşda olan qanun layihələrinin müzakirəsi başa çatıb. Növbəti məsələ texniki xarakterli olduğu üçün bir oxunuşda qəbul ediləcək.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli Qanununun tətbiqi ilə əlaqədar irəli sürülüb. Belə ki, həmin Qanunla Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməklə Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu, Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu, Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilib. Bununla əlaqədar olaraq “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda uyğunlaşdırma məqsədilə dəyişiklik edilməsi zərurəti yaranıb. Dəyişikliklər texniki xarakter daşıyır.
Layihə səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verib. Bildirib ki, bu dəyişiklik hərbi sahədə kadr hazırlığının keyfiyyətinin daha da artırılmasına xidmət edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda ayrı-ayrı məsələlərin müzakirəsi zamanı deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Arzu Nağıyev və Aydın Mirzəzadə çıxış edərək fikirlərini bildiriblər.
Sonra millət vəkilləri "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə etdilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra - orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Komitə sədri layihənin birinci oxunuşu zamanı deputatların qaldırdıqları məsələlərə münasibət bildirib.
Müzakirələr zamanı çıxış edən deputatlar Razi Nurullayevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.