ATƏT-in Parlament Assambleyasının (PA) “Policing in diverse societies: principles and good practices” adlı vebinarında Ermənistan nümayəndə heyətinin üzvü Maria Karapetyan Dağlıq Qarabağ xalqı və Ermənistanın sentyabrın 27-dən etibarən hücuma məruz qalması kimi fikir səsləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Ağayeva erməni xanımın sərsəm fikirlərinə öz münasibətini bildirib.
O deyib: “Bugünkü onlayn tədbirdə mən də bu mövzuda danışaraq təmsil etdiyim ölkənin siyasətini və təcrübəsini sizlərlə bölüşmək istəyirdim. Lakin, erməni həmkarımız tərəfindən haqsız olaraq ölkəmin adına xələl gətirmək məqsədilə ittihamların səsləndirilməsini nəzərə alaraq növbəti şərhləri səsləndirmək istəyirəm. Düzünü desək, mənim bu əsassız ittihamlara cavab belə vermək niyyətim yox idi, erməni həmkarlarımız hər zaman Azərbaycan tərəfinə qarşı müxtəlif ittihamlar irəli sürürlər. Burada nə desək də, bir şeyi dəqiq bilməliyik ki, tarixi həqiqətləri dəyişmək mümkün deyil. Onları inkar etməməliyik. Erməni dövlətinin qurulması və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə bağlı tarixi faktlardan başlayaraq erməni həmkarımızın bugünkü çıxışına kimi. Həm də qeyd etməliyəm ki, başqa insanları yalan məlumatları dinləməyə məcbur etmək hörmətsizliyin bariz nümunəsidir. Hamınız bilirsiniz ki, bu günlərdə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazilərini azad edir”.
Milli Məclisin deputatı xatırladıb ki, 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ancaq gördüyümüz kimi, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə göz yumduğunu nümayiş etdirir. Ermənistan silahlı qüvvələri ötən günlərdə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni atəşə tutdu. Diqqətinizi bu xüsusi hücuma çəkməyimin səbəblərindən biri də ondadır ki, Gəncə şəhərinin 77 yaşlı sakini, erməni əsilli Karina Qriqoryan bu erməni hərbi cinayətinin nəticəsində yaralanıb. Fikir verin, bunlar 2 qonşu ölkədir - Azərbaycan erməni əhalisi üçün dinc həyat şəraitini təmin edərkən, Ermənistanın hərbi təcavüzü onların sağlamlığına və əmlaklarına böyük ziyan vurur. Gəncəyə Ermənistan ərazisindən (Dağlıq Qarabağdan deyil) hücum edən ermənilər Azərbaycanı təkcə işğal olunmuş əraziləri deyil, bu dəfə həm də Ermənistanın öz ərazilərini də cavab atəşinə tutmağa təhrik etməyə çalışırlar. Bundan əlavə, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı rəsmi “Twitter” hesabında Azərbaycanın böyük şəhərlərindəki hərbi obyektlərin onlar üçün yeni hədəflər olacağını açıqlayıb”.
Ü.Ağayeva vurğulayıb: “Beynəlxalq ictimaiyyətin Ermənistanın qeyri-qanuni fəaliyyətlərinə, aqressiv bəyanatlarına və təcavüzkar əməllərinə göz yumması münaqişənin sülh yolu ilə nizamlanma perspektivlərini ciddi şəkildə sarsıdır. Əminəm ki, bu ikili standartlar siyasəti və selektiv yanaşma dayandırılandan sonra real dialoq üçün zəmin olacaq”.