Pakistan Senatında Xarici Əlaqələr Komitəsinin sədri tərəfindən erməni təcavüzünə qarşı Azərbaycana növbəti dəstək verilib
Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyidin rəsmi "twitter" hesabında Azərbaycanı dəstəkləyən paylaşım edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir: “Ermənistanın təcavüzünə qarşı özünü müdafiə hüququndan istifadə etdiyi üçün Pakistan hər zaman Azərbaycanın yanında olub. Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki məsələ ilə bağlı BMT qətnamələri hələ də icra edilməyib.”
Pakistanın “Jamiat Ulama İslam” partiyasının rəhbəri Maulana Fazlurrahman tərəfindən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadəyə ünvanlanan məktubda deyilir: “Jamiat Ulama İslam” partiyası erməni təcavüzünə qarşı qardaş Azərbaycan hökumətinə, xalqına və silahlı qüvvələrinə tam dəstəyini çatdırır. Partiya Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Azərbaycanın öz ərazilərinə hakim olmaq və xarici qüvvələri öz torpağından çıxarmaq üçün qanuni hüquqa sahib olduğuna inanır. Hazırkı vəziyyətdə Pakistan Azərbaycan Prezidentinə və xalqına tam dəstəyini ifadə edir. Cəsur Azərbaycan xalqının təcavüzkar Ermənistana qarşı şücaətini təqdir edirik”.