İşğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün uğurlu əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vuraraq əzəli torpaqlarımızı bir-birinin ardınca azad etməsi otuz ildir doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin arzularının həyata keçməsinə artıq günlərin qaldığını göstərir. Cəbrayıl rayonunun iki gün öncə işğaldan azad edilmiş Horovlu kəndində çəkilmiş və sosial şəbəkələrdə, KİV-lərdə sürətlə yayılaraq böyük populyarlıq qazanan bir fotoşəkil bütün məcburi köçkünlərimiz üçün bu xoş günün çox yaxında olmasının ifadəçisinə çevrilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin fotoda hazırda düşmənə sağalmaz zərbələr vuran Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Horovlu kəndindən olan mayoru Camal Qəmbərov əks edilib. Yeddi yaşında tərk etmək məcburiyyətində qaldığı doğma kəndinə qalib döyüşçü kimi daxil olan Camal Qəmbərov həyətlərindəki nar ağacının meyvəsini dərərkən görüntülənib. İyirmi yeddi illik həsrətdən sonra yenə həmin həyət, həmin bağ, həmin nar ağacı... Cəsur hərbçinin fotoda əks olunan sevinc hissləri, duyğuları hər bir azərbaycanlıya, xüsusilə bütün məcburi köçkünlərimizə unudulmaz anlar bəxş edib.
Bu foto əslində otuz ilə yaxındır doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünlərimizin Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində öz evlərinə qayıdacaqları günün uzaqda olmadığını göstərir. Çünki onların bu arzusunun reallaşması yolunda ən böyük maneə artıq aradan qalxıb: Şanlı Azərbaycan Ordusu yağı düşməni əzəli torpaqlarımızdan qovaraq ərazilərimizi işğalçılardan təmizləyir.