Anar Eyvazov: Ordumuz qazandığı uğurları genişləndirmək üçün irəliləyərək yeni dayaq məntəqələrini azad edib

A- A A+

Ötən müddət ərzində bütün cəbhəboyu döyüşlər davam edib. Ordumuz əldə olunan nailiyyətləri genişləndirmək məqsədilə müxtəlif istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edib. Bölmələrimiz ərazini düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, eyni zamanda, qarşılıqlı artilleriya atışları qeydə alınıb. Ordumuzun dəqiq artilleriya zərbələri ilə düşmənin müdafiə sahəsində bir tankı və üç topu məhv edilib. Beşinci alayın müdafiə sahəsində isə komanda-müşahidə məntəqəsi sıradan çıxarılıb. Düşmənin tərəfindən çoxlu sayda ölən və yaralananlar var. Əldə olunan məlumata görə düşmənin 1-ci alayında ərzaq çatışmamazılığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaranıb. Buna görə də şəxsi heyət döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib.

Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq təminatında ciddi problemlər var. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələrinin öz arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var. Əks-hücum əməliyyatı başlayandan bu günədək ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilib.

Diqqətə çatdırılıb ki, Ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan qondarma rejimin və Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatları onların psixoloji durumunu aydın şəkildə əks etdirir. İtirilmiş mövqeləri dırnaqarası qaytaran işğalçı ordu Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun və əsgərlərimizin qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqlar müvəffəqiyyətlə icra edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: