“La Croix” qəzeti: Azərbaycan Fransanın Dağlıq Qarabağla bağlı qərəzliliyinə etiraz edir - FOTOLAR
Fransa bitərəf olmadığı üçün Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu oynaya bilməz.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Fransanın “La Croix” qəzetinin Azərbaycan səfiri Rəhman Mustafayevin mətbuat konfransından sonra dərc etdiyi “Azərbaycan Fransanın Dağlıq Qarabağla bağlı qərəzliliyinə etiraz edir” adlı məqaləsində yer alıb.
Məqalədə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında gedən döyüşlərlə bağlı Fransanın mövqeyinə dair səfirin şikayətlərini gizlətmədiyi bildirilir.
Qeyd edilir ki, səfir Fransanın vasitəçilik fəaliyyətinin yararsız olduğunu deyərək, Fransadan beynəlxalq hüquqa riayət etməsinin gözlənildiyini bildirib.
“Fransada separatizmdən çox danışılır. Separatçılar təkcə cihadistlər deyil. Həmçinin separatistlər Fransa-Azərbaycan münasibətlərinə qarşı çıxan fransız mer və deputatlardır” deyən səfirin qərəzli məktub imzalayan fransız deputatlara mesajı göstərilib və onun “Əgər onlar qərəzsizdirsə, qoy onda mənimlə də danışsınlar” fikri vurğulanıb.
Mətbuat konfransında deyilib ki, Türkiyə, Pakistan ilə yanaşı, Macarıstan, Latviya kimi bir neçə ölkə də Azərbaycana dəstəklərini ifadə ediblər. Çünki bu ölkələr Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini bilirlər. 1940-cı ildə Şarl De Qol Böyük Britaniyadan çıxış edərək, fransızlara “Tək deyilsiniz. Böyük Britaniya sizinlədir” dediyi kimi Türkiyə də bizə “Tək deyilsiniz” deyir. Bu gün Azərbaycan Fransanın 1944-cü ildə faşistlərə qarşı apardığı müharibəni aparır. Ancaq Fransa 3 il əziyyət çəkdi, Azərbaycan isə 30 ildir əziyyət çəkir.
Səfir vurğulayıb ki, xalqların öz müqəddəratını təyin etməsi bir ölkənin suverenliyinə zidd ola bilməz.
Bildirilib ki, suriyalı muzdlularla bağlı iddiaları Azərbaycan tərəfi tamamilə rədd edir. Azərbaycanın xarici döyüşçülərə ehtiyacı yoxdur. Ancaq Ermənistanda xarici döyüşçülərin olmasına göz yumulur.
Mətbuat konfransı haqqında “France Inter” və “France culture” radiolarında da məlumat verilib və səfirin fikirləri səsləndirilib.