Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatları Türkiyə mətbuatının əsas mövzusudur

“CANIMIZ AZƏRBAYCANIMIZ”

A- A A+

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı kifayət qədər möhkəm özüllər üzərində qurulub. Bir soydan qaynaqlanan etnik ortaqlıqla bir-birinə bağlı olan iki dövlətin bugünkü əlaqələrinin dünyada analoqu yoxdur. Təməlində həm də qırılmaz dostluq və qardaşlıq telləri dayanan bu münasibətlər, eyni zamanda, strateji önəm daşıyır.

İki qardaş dövlət bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər. Dünya siyasi düzəninin indiki şəraitində isə Azərbaycan və Türkiyənin hər bir məsələyə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi daim prinsipal mövqe nümayiş etdirir.

"30 ildən sonra Qarabağda azan səsi”

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkənin həmrəyliyi son günlərdə cərəyan edən proseslər fonunda bir daha təsdiqini tapdı. Belə ki, cəbhə xəttində Ermənistanın təxribatı nəticəsində baş verən hərbi əməliyyatları xüsusi diqqət mərkəzində saxlamasıTürkiyənin dar günün dostu olduğunu, ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü, eyni zamanda, qardaş Azərbaycanı heç zaman yalnız qoymayacağını bir daha nümayiş etdirdi. Cəbhədə gedən döyüşlərlə bağlı Türkiyənin aparıcı qəzetləri və xəbər agentlikləri məlumatları operativ şəkildə təqdim edirlər.

"Hürriyət” qəzetinin "Bu necə vicdandır” başlıqlı məqaləsində yazılır ki, Ermənistan döyüş meydanında uduzduğuna görə Azərbaycanın mülki əhalisinə qarşı yeni-yeni təxribatlar törədir. "Ermənistan beynəlxalq hüququn heç bir norma və prinsiplərinə hörmət qoymur. Əhalinin sıx yaşadığı, cəbhə bölgəsindən, eyni zamanda, təmas xəttindən xeyli uzaqda yerləşən şəhər və rayonlara Ermənistan ərazisindən raket hücumları, qadağan olunmuş bombalarla zərbələr endirilir. Nəticədə, dinc əhali, o cümlədən qadınlar, uşaqlar, yaşlı insanlar həlak olub və ya yaralanıb. Yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib” -deyə məqalədə qeyd olunur.

Nəşr əlavə edib ki, Ermənistanın hücumları nəticəsində sentyabrın 27-dən indiyədək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, onlardan 5-i azyaşlıdır. Həmçinin 141 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 7-si uşaqdır.

"Türkiyə” qəzeti "30 ildən sonra Qarabağda azan səsi” başlıqlı xəbəri əsas manşetdən verib. Qeyd olunur ki, işğaldan azad olunmuş torpaqlarda 30 ildən sonra ilk dəfə azan səslənib. Bildirilir ki, Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan ərazilər azad olunub. O da diqqətə çatdırılıb ki, Azərbaycanın məqsədi öz torpaqlarını müdafiə etməkdir.

"Qarabağa 2-ci yürüş”

"Milliyət” qəzeti "Qarabağa 2-ci yürüş” başlıqlı xəbərini manşetdən verib. Yazıda qeyd olunur ki, Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoyacaq. Cəbrayıl şəhərinin işğaldan azad olunduğunu diqqətə çatdıran nəşr, həmçinin yazır ki, Ermənistanın silahlı qüvvələrinin "Dəhşət” ləqəbli polkovnik-leytenantı Artur Qalstyan Azərbaycan əsgərlərinin sərrast atəşi ilə məhv edilib. Ermənistanın məkrli siyasəti növbəti dəfə iflasa uğrayacaq.

"Anayurt” qəzeti "Ermənistan insanlığa qarşı cinayət törədir”, "Azərbaycanımız” başlıqlı xəbərlərində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıda keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlərə yer ayırıb. Prezident İlham Əliyevin "Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var” fikirlərini xüsusi diqqət mərkəzində saxlayan nəşr bildirib ki, bu gün Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü və potensialı var.

"Çəkil və üzr istə”

"Yeni Akit” qəzeti "Çarəsiz qalan Ermənistan insanlığa qarşı cinayət törədir” başlıqlı xəbərində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə geniş yer ayırıb. Yazıda vurğulanıb ki, Azərbaycan hansı sahədə ehtiyac duyarsa, Türkiyə hər cür dəstəyi verməyə hazırdır. Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər azad edilməyib və bu günədək qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan çox azərbaycanlı qardaşımız öz evlərinə dönməyi gözləyirlər.

"Akşam” qəzetinin "Əliyev: Çəkil və üzr istə” başlıqlı xəbərində Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayırıb. Məqalədə Cəbrayıl şəhərinin və rayonun kəndlərinin işğaldan azad olunması, torpaqların boşaldılması ilə bağlı 30 ilə yaxın danışıqlar aparılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, 1994-cü ildən atəşkəsin qüvvədə olması, xarici ölkələrdə yaşayan ermənilərin bu müharibəyə cəlb edilməsi və digər taleyüklü məsələlərə aydınlıq gətirilir.

"Qardaşlar irəliləyir, Ermənistan ordusu qaçır”

"Aydınlık” qəzeti də "Atəşkəs oldu da nə oldu: 30 illik işğal” başlıqlı xəbərində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun fikirlərinə geniş yer verib. Bildirilib ki, həmsədrlərlə dəfələrlə görüşülsə də, işğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər. Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıx deyirlərmi? Bunun belə davam etməyəcəyini bütün dünya anlamalıdır. Müvafiq qərarlara baxmayaraq, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyib. Amma hər zaman hücum edən Ermənistan olub. Öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan isə mülki əhalinin yaşadığı obyektləri hədəfə almır.

"Milat” qəzetində isə Azərbaycanın uğurlarından "Qardaşlar irəliləyir, Ermənistan ordusu qaçır” başlıqlı məqalədə bəhs olunur. Yazılır ki, bu gün Azərbaycan çox şərəfli tarixi anlar yaşayır. Uzun illərdən sonra Cəbrayıl şəhəri işğaldan azad olunub, Azərbaycan Ordusu Ermənistanın döyüş mövqelərini ələ keçirib, işğalçı ölkənin əsgərləri isə qaçırlar.

"28 illlik fasilədən sonra azan səsləri” başlıqlı məqaləsi isə "Yeni Şafak” qəzetinin baş məqaləsidir. Müəllif yazır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azan səsləndirilib, təcavüzkar Ermənistanın təxribatlarına qardaş dövlətimizin ordusu layiqincə cavab verir. Yazıda qeyd olunur ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi yeni ərazilər uğrunda işğal siyasətini davam etdirmək idi. Azərbaycanın dünyaya verdiyi töhfələrdən uzaq olan Ermənistan təcavüzkarlığı və terrorçuluğu ilə bölgənin təhlükəsizliyinə təhdiddir.

"Azərbaycan Ordusu Cəbrayıla bayraq sancdı”

"Cümhuriyyət” qəzetinin "Türkiyədən tam dəstək” başlıqlı xəbərində qeyd olunur ki, Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad olunub. Azərbaycan Ordusunun tarix yazmağa davam etdiyinə toxunan müəllif, döyüşlərdə artıq Ermənistan hərbçilərinin təslim olduqlarını bildirir.

"Sabah” qəzeti "Eşq olsun türk xalqı” başlıqlı xəbəri ilə Azərbaycanın uğurlarını oxuculara çatdırıb. Məqalədə mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Rəcəb Tayyib Ərdoğanın çıxışlarına yer ayrılıb, Cəbrayıl şəhərinin işğaldan azad olunduğu sevinc hissi ilə yazılıb. Müəllif yazır ki, Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoyacaq.

"Sözçü” qəzeti "Azərbaycan Ordusu Cəbrayıla bayraq sancdı” başlıqlı xəbəri manşetə çıxarıb. Bildirilir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlər qəhrəmanlıq göstərir, Ermənistana sarsıdıcı zərbələr endirirlər. Artıq Cəbrayılda da Azərbaycan bayrağı dalğalanır.

"Karar” qəzeti "Türkiyə mütləq danışıqlarda olmalıdır” başlıqlı xəbərində Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Bir milyondan çox azərbaycanlı qardaşımız öz evlərinə dönməyi gözləyirlər” fikrini diqqətə çatdırır. Bildirilir ki, Ermənistan bir sıra yaşayış məntəqələrinə hücum edib. "Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır. Bu, müharibə cinayətidir, Ermənistanın çarəsizliyinin göstəricidir”, - deyə qəzet yazır.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: