-Evinizə xoş gəldiniz!!!
Qarabağ işğal olunandan sonra orada məskunlaşdırılan erməni qadının öz torpaqlarına qalib kimi qayıdan Azərbaycan əsgərinə dediyi bu sözdən aydın olur ki, ermənilər işğal edilmiş Qarabağda yaşasalar da, oranı özlərinin vətəni saymayıblar. Bunu Xankəndidən, Şuşadan qaçan ermənilər də etiraf etmişdilər. Çünki bu yurdsuz-yuvasız insanların özləri də yaxşı bilirlər ki, onların heç vaxt tarixi vətəni olmayıb. Bir gün Qarabağın əsl sahibi gələndən sonra buradan başqa yerə qaçıb yaşayacaqlar və yenə də oranı vətən saymayacaqlar.
O da faktdır ki, bu gün dünyanın müxtəlif ölkələrindəki ermənilərin sayı Ermənistanda yaşayanlardan daha çoxdur. Bunu lobbi, diaspora kimi dəyərləndirsələr də, əslində vətənsizliyin ən böyük nümunəsidir bu fakt. Dəfələrlə dünyanın ən məşhur tarixçiləri, siyasətçiləri qeyd ediblər ki, erməni və ya hay adlanan bu millətin heç vaxt tarixi dövləti olmayıb. Hətta bu yaxınlarda bir Azərbaycan diplomatı orta əsrlərdə bir erməni dövlətini göstərənə bir milyard dollar vəd etmişdi. Təbii ki, o məbləği alan olmadı.
Başqa xalqların və dövlətlərin tərkibində asanlıqla assimilyasiya olunan bu toplum ona görə də başqalarının vətənində yaratdıqları hər şeyi həyasızcasına ya özününküləşdirib, ya da soyuqqanlıqla dağıdıblar. Necə ki, bunu uzun illərdir işğal etdikləri Qarabağda, Qərbi Azərbaycanda xalqımıza məxsus olan maddi-mənəvi dəyərlərimizə- tarixi abidələrə, məscidlərə, körpülərə, türbələrə qarşı törətdikləri vandalizm aktları ilə sərgiləyiblər.
İkinci maraqlı məqam isə ermənilərin çətin məqamda öz qadınlarını-namuslarını asanlıqla atıb qaçmasına daha bir nümunədir. Öz qadınını düşmən əsgərlərinə könüllü təslim etmək tarixdə ancaq ermənilərə məxsus olan ənənədir. Öz namusunu qoruya bilməyən düşmən isə digər insanlara, hətta topluma qarşı ən rəzil addımları belə özünə rəva bilir.
Cəbrayıl rayonu ərazisində əsgərlərimizin qarşılaşdığı Aznif Baqdasaryan adlı Ermənistan vətəndaşı, İrəvan sakini olan qadın etiraf edir ki, Qarabağda gedən döyüşlərin qorxusundan işlədiyi mağazada 3 gün gizlənib və sonradan məlum olub ki, bu kənddə yaşayan digər ermənilər Azərbaycan əsgərinin zəfər yürüşünü eşidən kimi özlərinin olmayan evlərini və bu qadını atıb qaçıblar. Çünki ordumuzun ildırım sürətli əks-hücumundan təşvişə düşən hər kəs-erməni əsgərləri və bura sonradan köçən ermənilər öz canlarının hayına qalıblar. Bu da ermənilərə məxsus daha bir xüsusiyyət. Digər tərəfdən onlar yaxşı bilirlər ki, ermənilərdən fərqli olaraq azərbaycanlılar heç vaxt müharibədə, hətta düşmən olsa da, qadına qarşı qeyri-humanist addım atmır...
Bir qədim zərb-məsəldə deyilir ki, bir gün bir nəfər dağın döşündə yerləşən çox gözəl bir həyəti satır. Onu almaq istəyən adam gəlib həyəti, bağ-bağçasını gəzir. Çox xoşuna gəlir. Sövdələşmək istəyəndə gözü həyətin ortasındakı çox böyük bir çay daşına sataşır.
- Bu çay daşıdır. Bu dağın döşünə necə düşüb?- deyə soruşur.
- Əşşi, heç. Babam danışırdı ki, nə vaxtsa aşağıdan keçən çay o qədər daşıb ki, suyu bura qədər qalxıb. Bu daş da ondan qalıb.
Alan adam sövdələşməkdən imtina edir. Ev sahibinin təəccübünə isə belə cavab verir: -Bu daşı kim gətiribsə, gəlib bir gün də aparacaq!
Bəlkə də kobud misaldır. Amma bu gün Azərbaycan əsgəri bir zaman məlum səbəblərdən geri çəkildiyi Qarabağ torpaqlarına zəfərlə qayıdır. O torpaqda qoyduğu əmanəti almaq üçün geri dönür. Bu dəfə qazandığı zəfər isə bütün türk dünyasının ortaq sevinci, qələbə əzminə çevrilib. Bu zəfəri əldə etmək üçün aparılan müharibə isə indiyədək tarixdə rast gəlinməyən bir savaş kimi dünyanın diqqətini çəkir. Döyüşkən türk ruhu, həmişə müasir savaşda tətbiq edilən türk taktikası artıq 21-ci əsrdə də dünyanı heyrətləndirir. Halbuki, 21-ci əsrdə əldə edilən savaş və sivil texnikaların, hər cür nanotexnologiyaların, robotların, kiborqların, yeniliklərin, mümkün olmayanı reallaşdıran bilimlərin fonunda dünyanı heyrətləndirmək elə də asan deyil. Amma Azərbaycan əsgəri bunu bacardı və təkcə Vətən sevgisini deyil, həm də döyüş ruhunu dünyaya nümayiş etdirə bildi. Necə deyərlər, hərb dərsliklərinə salınası bir tarix yazdı.
Qarabağ isə təkcə Azərbaycan deyil, həm də evimizdir!!!
Səməd Canbaxşiyev
Naxçıvan televiziyasının baş redaktoru