Bu gün Azərbaycanın şanlı tarixi yenidən yazılır. Dünya ictimaiyyətinə Azərbaycan öz reallıqlarını səsi ilə deyil, ürəyi, xalq, ordu, rəhbər birliyi və siyasi zəkası ilə sübut edir. Azərbaycan xalqı bu gün bir ağızdan təkrarlayır: “Vətən sağ olsun!” “Hər şey Vətən üçün!”. Və bu sözlər sadəcə dildə qalmır. Bilindiyi kimi, uzun illər Azərbaycan yadellilərin maraq dairəsində olubdur. Bu gün də bu belədir. Allahın bu yurda bəxş etdiyi təbii sərvətlər və münbit şərait pis niyyətli qonşularımızın diqqətini daim gözəl yurdumuza yönəldibdir. Bu torpağın müdafiəsi uğrunda Azərbaycan rəhbərliyi və xalqımız hər daim uzaqgörənliklə mübarizə aparıbdır. Sülh göyərçinlərinin səmamızda azad qanad çalmasını təmin edən layihələr və siyasi uğurlar həyata keçirilsə də, görünür bütün bunlar pis niyyətli erməniləri öz xülyalarından döndərə bilməyibdir. Onlar daim təcavüzkarlıq siyasəti yeridib, dinc Azərbaycan xalqına maddi-mənəvi zərbələr vurmaqdan çəkinməyiblər. Dünya ictimaiyyətindən mənfi əməllərini ustalıqla gizlədən ermənilər, kənardan aldıqları dəstəklə Azərbaycan reallıqlarını, Azərbaycan xalqına qarşı amansızlıqla törətdikləri soyqırım hadisələrini öz xeyirlərinə türklərin və Azərbaycan xalqının adından dünya ictimaiyyətinə təqdim etməyə çalışıblar. Ancaq aparılan tədqiqatlar və siyasi təhlillər bu saxta təqdimatın əslində uydurmadan ibarət olduğunu ortaya qoyubdur. “Yalan ayaq tutar, yeriməz” deyiblər, yerimədi də. Movses Horanatsinin yazdığı iddia edilən qondarma “Armeniya tarixi” və saxta erməni əlifbası ilə özlərinə uydurma bir tarix yaratmaq istəyən ermənilər, başqalarının torpaqları hesabına coğrafiya yazmaq iddiasına da düşdülər. Azərbaycanın gözəl və münbit torpaqlarına göz dikdilər. Ancaq tarix göstərdi ki, Azərbaycan xalqı özünəməxsus olanı almağı bacarır. Son zamanlar Azərbaycanda baş verən hadisələr, ermənilərin mənfur siyasəti yenidən dünya ictimayyətinin gözünü Qarabağa çevirdi. Dillərə dastan Qarabağ bu gün yeridilən sərrast və uzaqgörən siyasət nəticəsində yenidən öz əsasına- Azərbaycana qaytarılacaq. Bu yolda uğurla addımlayırıq. Cəbrayılın və bir çox kəndlərin, əhəmiyyətli postların qaytarılması xalqımızdakı özünəinamın, rəhbərinə nəhəng sevginin, ehtiramın və vətəninə sədaqətin elanıdır. Bu gün Azərbaycan gəncləri qanlarında, genetikalarında mövcud olan qəhrəmanlığın şanlı salnaməsini yaradırlar. Onlar vətən uğrunda şəhid olmaqdan çəkinmirlər. Şəhidlik elə bir zirvədir ki, bu zirvənin fəthi üçün Allahın o insana həmin şərəfi bəxş etməsi vacibdir. Şəhidlik elə bir zirvədir ki, ora ucalmaq üçün cəsarət, vətənpərvərlik, sadiqlik lazımdır. Dünyada artıq Azərbaycan tərəfdarı cəbhələr, mərkəzlər, ölkələr formalaşır. Ədalət prinsipi ön plana çıxır. Azərbaycan məşəqqətli olsa da, şanlı bir yolda addımlayır. Və bu yolun sonu qələbədir. Bu gün xalq rəhbərinə inanır. Qarabağa qovuşacağımız günü səbirsizliklə gözləyirik. Şuşanın dağları bizi çağırır, İsa bulağı, Xarı bülbül, Kəlbəcər, Laçın və s. doğma yurdumuzun hər qarışı bizi səsləyir. Xarı bülbülü tellərimizə sancıb, Cıdır düzündə yallı gedəcəyimiz günlər yaxındır. Yenə igidlərimizin oylağına çevriləcək Şuşanın başı dumanlı dağları. Hər kəsin dilində zümzümə ediləcək “Qarabağın şikəstəsi”... Suqovuşanda dinləyəcək dünya Azərbaycanın şanlı dastanını! Artıq vədə yetişib. Biz 30 il daha gözləmədik, bu şanlı tarixi bizə yaşadanlara eşq olsun.
Xatırlayıram, Prezident İlham Əliyev: "Qarabağ Azərbaycandır və nida işarəsi",- deyəndə bəlkə də dünya bunu sadəcə sadə söz kimi qəbul edirdi. Ancaq bu sadə söz deyildi. Bu xalqa verilən söz idi. Ulu öndərimizə verilən söz idi. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən ulu öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Bu inamı, səslənişi bütün Azərbaycan xalqı dəstəklədi. Bu gün Azərbaycanın şanlı tarixi yenidən yazılır. Xalq, ordu və öndər birliyinin ən unikal variantının sərgiləndiyi Azərbaycan Respublikası, əminik ki, dünya siyasətində yeni nəzəriyyənin yaranmasına, təkmilləşməsinə stimul verəcək!
Nərgiz İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru