Mən müharibəni ancaq tarix kitablarından oxumuşdum, filmlərdə görüb tanımışdım, böyüklərin dilindən eşitmişdim. Amma yenə də mahiyyətini tam şəkildə bilmirdim. Müharibə mənim yaddaşımda bütün gerçəkliyi ilə çoxlu sayda ölüm-itim, dağıntılar, iqtisadi zəifləmə, qorxu anlayışları ilə xarakterizə olunurdu...
Bu gün də Vətən torpağında müharibə gedir. Ancaq bu Azərbaycan xalqının haqlı mübarizəsidir, ədaləti təmin etmək üçün apardığı haqq müharibəsidir. Torpağına, vətəninə bağlı olan bir xalqın torpaqlarını vəhşiliklərlə, amansızlıqlarla işğal edən, 30 il ərzində bütün danışıqları, aktları kobudcasına pozan Ermənistana qarşı milli birlik mübarizəsidir.
Çoxlu sayda canlı qüvvə, texnika, silah-sursat itirən, aclıq, qıtlıq yaşayan, mülki əhaliyə atəş açan, qorxub qaçan, hətta əsgərlər qaçmasın deyə ayaqlarını zəncirləyən, aciz və zavallı vəziyyətə düşən, yardım dilənən Ermənistan haqq müharibəmizin uduzan tərəfidir.
Erməni təxribatlarından qorxmayan mərd xalqım zəfər bayramı abu-havasındadır. Çünki biz haqq yolundayıq. Uca Tanrı isə hər zaman haqqın tərəfdarıdır, haqqın yanındadır.
Şücaətli, rəşadətli ordumuzun nailiyyətlərini, zəfər xəbərlərini eşitdikcə hər kəs kimi mən də fəxr etdim, hisslərimi ifadə etmək üçün söz tapa bilmədim. O anda dilimin ucuna bir misra qondu:
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Xalq şairi Qabilin 1996-cı ildə qələmə aldığı bu şeir şairin Azərbaycan əsgərinə sonsuz inam və etibarının güzgüsüdür. 90 misralıq bu şeir xalqımızın hiss və düşüncələrinin tərcümanıdır.
Şeirin hər sətrini oxuduqca içimdən sadəcə bir cümlə keçdi: Kaş ki sağ olaydın, şair. Azərbaycan əsgərinin ümidlərimizi necə gerçəyə çevirdiyinin şahidi olardın.
İşğal altında qalır torpağımız-daşımız
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Yəqin ki, şair, sağ olsaydın, bu fikri “İşğaldan azad olunur torpağımız-daşımız” misraları ilə əvəz edərdin. Özü də yeganə güman yeri bildiyin AZƏRBAYCAN ƏSGƏRİ tərəfindən. Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımızın ayağa qalxdığını, işğal olunan ərazilərimizin artıq geri alındığını, Cəbrayılda Azərbaycan bayrağının dalğalandığını görərdin, şair.
Qüdrətli ordumuzun şanlı üçrəngli bayrağımızı Suqovuşanda qaldırdığı xəbərini, ardınca isə Cəbrayıl şəhəri və onun 9 kəndinin işğaldan azad edilməsi müjdəsini Naxçıvan Televiziyasının efirindən izləyicilərə çatdıranda buraxılışımızı elə şairin bu misraları ilə yekunlaşdırdım:
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!
Cəbhədən hər daim qələbə, zəfər, uğur müjdələri verən, ədalətinə, mərhəmətinə qurban olduğum AZƏRBAYCAN ƏSGƏRLƏRİ, siz bu xalqın ümid, güman yerisiniz! Biz öz isti evimizdə rahat, təhlükəsiz yaşayırıqsa, bunu sizə borcluyuq.
Bu qələbələrin olmasına qanı və canı ilə pay verən ŞƏHİDLƏRİMİZ! Əmin olun ki, bu xalq sizi heç zaman unutmayacaq! Torpaq uğrunda tökdüyünüz qanınız yerdə qalmayacaq!
Elnurə Tahir
Naxçıvan televiziyasının əməkdaşı