Bizi bu yoldan heç kəs döndərə bilməyəcək

A- A A+

Elə tarixlər var ki, xalqımızın yaddaşına əbədi həkk olunub və acılı-şirinli hər zaman xatırlanaraq qeyd edilir. Belə tarixlər sırasına, hətta bu sıranın ən başına 27 sentyabr tarixi də həkk olundu.

Həmin bazar günü səhər saatlarında telefonumun bildiriş səsi məni yuxudan oyatdı. NUHÇIXAN İnformasiya Agentliyimizin yeni xəbəri ekranda aydınlandı: “Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”.

“Yenə mi?”, - deyə artıq yazının ardını oxumağa tab gətirmədim. Amma cəmi bir neçə saat sonra şahidi olduq ki, bu xəbər hər birimizi böyük qələbəyə aparan o tarixin başlanğıcı, zəfər alovunu göylərə yüksəldən qığılcım imiş. Bu dəfə də qisas yerdə qalmadı. Amma bu dəfə tamamilə fərqli... Düşmən səbir kasası dolmuş Azərbaycanın əsl gücünü gördü. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz növbəti dəfə tarix yazmağa başladı, zəfər salnaməsinə yeni səhifələr əlavə etdi. İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücum əməliyyatı keçirir.  Cəbrayıl şəhəri, Suqovuşan və 27 ildir həsrətini çəkdiyimiz bir sıra kəndlər, Murovdağ zirvəsi azad edildi, Ağdərə istiqamətində hakim-strateji yüksəklikləri nəzarətə götürüldü.

Başqa sözlə, Azərbaycanın cəsur və vətənpərvər oğulları 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində və bu ilin iyulundakı Tovuz hadisələrində olduğu kimi, bu gün də düşmənə, işğalçı orduya öz gücünü göstərir. Bütün dünya bir daha şahidi olur ki, Azərbaycan ordusu ötən əsrin 90-cı illərinin əvvəllərindəki ordu deyil. Bu gün müstəqil Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik Milli Ordu formalaşıb.

Bu gün bu yenilməz Ordu ön xətdə uğurlu əməliyyatları, işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı qələbə xəbərləri ilə hər bir azərbaycanlıda fəxarət və sevinc hissləri oyadır. Bu qələbənin qazanılmasında Naxçıvanın igid, cəsur, vətənpərvər övladları böyük şücaət göstərir. Heydər Əliyev adına Hərbi Liseyin məzunları bu gün ön xətdə bizi qələbəyə aparan peşəkar zabitlərdir. Son illər liseyin yüzlərlə məzunu cəbhənin müxtəlif istiqamətlərində uğurlu döyüş növbətçiliyi və komandir idarəetməsi keçir. Ən müqəddəs ad olan şəhidlik zirvəsinə ucalmağı bacarır, müasir milli hərb tariximizi öz qanları ilə yazırlar. Bu gün təhsil alan kursantlar da liseyin məzunlarının, şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarının nəsillərə örnək yolunu davam etdirməyə hazırlaşır. Yüksək biliyə, hərbi vərdişlərə yiyələnən kursantlarımız əminlik yaradır ki, tarix təkrarlanır. Çünki Naxçıvan tarix boyu vətənpərvər övladlar, hərbçilər, sərkərdələr yetirib, torpaqlarını alınmaz qalaya çevirib.

Bunun nəticəsidir ki, qürur mənbəyimiz olan qüdrətli Milli Ordumuzun ilk adım səsləri də ötən əsrin 90-cı illərində Naxçıvanda eşidilib. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri seçildikdən sonra ilk olaraq blokada şəraitinə düşmüş Naxçıvanın müdafiəsi və təhlükəsizliyi məsələlərinə diqqət çəkdi. 1991-ci il sentyabrın 7-də “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” qərar qəbul etdi. Həmin dövrdən başlayaraq, ordu quruculuğu istiqamətində əhəmiyyətli işlər görülməyə başlandı, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradıldı. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edildi. Oktyabrın 9-da milli kadrlardan ibarət formalaşan nizami ordunun Naxçıvan şəhərində ilk hərbi paradı keçirildi. Bir sözlə, ümummilli lider Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi.

Ümummilli liderin başlatdığı bu yol bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı nəticəsində ordumuz gündən-günə daha da möhkəmlənib, cəbhədə zəfər çalan Qafqazın ən güclü ordusu ünvanını qazanıb. Ordu quruculuğu sahəsində aparılan tədbirlərin nəticəsində muxtar respublikanın müdafiə qabiliyyəti xeyli gücləndirilib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: “…Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var”.

Ötən dövrdə muxtar respublikada aparılan ordu quruculuğu nəticəsində Silahlı Qüvvələrin imkanları müasir standartlara uyğunlaşdırılıb, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, yüzlərlə hərbi obyektlər - əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. İndi ən ucqar, yüksək dağlıq şəraitində belə əsgər və zabitlərimiz yüksək xidmət və məişət şəraiti, ən müasir silah və texnikalarla təmin ediliblər. Ön xətdə ayıq-sayıq dayanan əsgər və zabitlərimiz uğurlu döyüş növbətçiliyi aparır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi nəticəsində uzun illər ərzində formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində xüsusi yerə malikdir. Bütün bunlar bugünkü əmin-amanlığımızın, sabit şəraitdə arxayın yaşayışımızın qarantıdır.

Bunu əldə olunan zəfərlər və təlimlərdə qazanılan yüksək nəticələr də təsdiq edir. Ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücü, qüdrəti 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi paradda da özünü bütün dünyaya nümayiş etdirdi. Çox keçmədi ki, bu güc özünü Şərur rayonunun Günnüt kəndində təsdiq etdi. 2018-ci il may ayının sonlarında düşmənin Naxçıvan istiqamətində əl atdığı təxribata cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun birləşmələri 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklər əldə etdi. Vətənpərvər övladlarımız, yüksək hərbi hazırlığa malik Əlahiddə Ümumqoşun Ordu bununla sübut etdi ki, Milli Ordumuz istənilən anda düşməni yerində oturda, işğal altında olan torpaqlarımızı geri ala bilər. Bu ilin aprelində Sədərək rayonu ərazisində də işğaldan azad edilən topaqlarımızın xoş xəbərini eşitdik. Çox keçmədi ki, qurub-yaradan əzmkar naxçıvanlılar 30 ilə yaxın yararsız halda qalan bu torpaqları əkib becərdi, bu il ilk məhsulunu yığdı.

Son illər Naxçıvanda qardaş Türkiyə Respublikası Silahlı Qüvvələri ilə keçirilən birgə döyüş atışlı taktiki təlimlər və təlimlərdə döyüş arsenalımızın hazırlıq vəziyyəti bir daha deməyə əsas verir ki, bu gün Əlahiddə Ümumqoşun Ordu düşməni qorxuya salan hərbi gücə çevrilib. Yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın təhlükəsizliyinin qarantıdır.

Bütün bunlar bir daha sübut edir ki, ulu öndərin əsasını qoyduğu Milli Ordumuz yenilməzdir. Bu yenilməz Ordu zəfərləri ilə tarix yazır. Düşmən tapdağı altında olan əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda uğurlu əməliyyat keçirən Silahlı Qüvvələrimiz hər birimizin fəxarət ünvanıdır. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi böyük təşkilatlanma yolu keçən Əlahiddə Ümumqoşun Ordunun silah arsenalı hər keçən gün genişlənir, şəxsi heyətin döyüş hazırlığı daha da artır. Bu gün hərbi qulluqçularımız yüksək döyüş qabiliyyəti, müasir silah və texnikaları ilə blokadada yaşayan muxtar respublikamızın təhlükəsizliyinin qarantıdır.

Bu gün Günnütdə, Lələtəpədə, Cəbrayılda, Suqovuşanda, Şükürbəylidə və yaxın günlərdə işğaldan azad edəcəyimiz digər əzəli torpaqlarımızda Azərbaycan əsgərinin yüksəltdiyi və yüksəldəcəyi üçrəngli bayrağımız xalqımızın, dövlətimizin, Ordumuzun birlikdə zəfərinin müjdəçisidir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun açıq-aşkar qüdrəti, gücüdür.

Bu gücün, qüdrətin qarşısında tab gətirə bilməyən düşmən hər gün bir az daha geri oturur,  böyük itkiyə məruz qalır, minlərlə canlı qüvvəsini itirir. Erməni zabitləri böyük qorxu və təlaş içində Azərbaycan torpaqlarını tərk edir, yüzlərlə hərbi texnika və silah sistemlərini döyüş meydanına ataraq fərarilik edir. Aciz duruma düşən erməni xisləti çıxış yolunu yaşayış məntəqələrimizi, mülki obyektləri və dinc sakinləri hədəfə almaqda görür. Lakin düşmən bir məqamı unudub. Azərbaycan xalqını bu yoldan heç bir təhdid döndərə bilməyəcək. Qüdrətli Ordumuzun arxasında daha yenilməz bir ordu var: Onu qələbəyə ruhlandıran Azərbaycan xalqı.

Röyal Məmiyev

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: