Azərbaycan torpağıdır QARABAĞ!

A- A A+

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir... Uğrunda canlar fəda olan Azərbaycanımızda son günlərin baş verən hadisələri bu torpağı daha da müqəddəsləşdirdi, bu xalqı daha da yenilməz etdi... Son günlərdə damarlarında axan qeyrətli türk qanı coşur, tüğyan edir xalqımızın! Bu xalq hazırdır Vətən torpağının mənfur tapdağında olan hər qarışını geri qaytara canı, qanı bahasına olsa belə... Bu gün yaşadığımız cəmiyyətdə mübariz ruh Vətən göylərimizi sarıb. Hər kəs  bu mübariz ruha köklənib. Ali Baş Komandanın, cənab Prezidentimizin əmrini hər zaman həsrətlə gözləyən Vətən oğulları indi mənfur düşməndən qan borcumuzu almaqdadır. Bu döyüşkən qəhrəman övladlarının varlığına dayanmadan hökm edir. Hökm edir ki, usanmadan, mənfur tapdağında olan müqəddəs torpaqlarımızı azad etsinlər. Göz önündədir igidlərimizin mübarizəsi. Vətən üçün axan qanı kəsilməmiş yenidən ön cəbhəyə dönmək istəyi yaralı əsgərin qeyrət dolu qəlbinə hökm edir.

70 il asılı olduğumuz qəddar rejimdə xalqın gen yaddaşında qorunan Vətən sevgisini və bu sevgidən doğan qəhrəmanlıq ruhunu, milli-mənəvi dəyər daşıyıcılarına bağlılıq duyğusunu, mübariz amal-ideal ləyaqətini unutdurmaq üçün hər vəchlə çalışıblar.

Yaxşı ki, amal və həyatını VƏTƏNƏ bağlayan dahi liderimiz, ölməz şəxsiyyət Heydər Əliyev kimi ümummilli liderimiz olub.  Öz yenilməz və sönməyən Azərbaycançılıq ideyası ilə böyüdüb yetişdirdiyi siyasi lider-cənab İlham Əliyev  kimi bir oğul bəxş etdi Azərbaycana! Elə bir oğul ki, bu gün 30 illik işğalda olan torpaqlarımızı birər-birər mənfur tapdağından şərəflə xilas etməkdədir! Elə bir oğul ki, bu gün bütün Azərbaycan onun varlığı, şəxsiyyəti ilə qürur duymaqdadır!

Biz hər birimiz müstəqil və sivil Azərbaycan dövlətinin vətəndaşı olaraq can və qan bahasına əldə olunmuş müstəqilliyimizin qorunması uğrunda sarsılmaz mübarizəmizi əsirgəməməliyik.  Necə ki, bu gün qədirbilən, humanist, mayası qeyrətdən yoğrulan xalqımız bir yumruq kimi dövlətimizin, Ali Baş Komandanımızın ətrafında cəmləşib. Hər kəs cənab İlham Əliyevin kütləvi informasiya vasitələri ilə təqdim edilən çıxışlarını, çağırışlarını, mənfur ermənilərə qarşı səsləndirdiyi haqlı və kəskin fikirlərini eşidib-duyduqca sönməz coşğuyla mübariz ruha köklənir. Artıq xalqımız üçün hər zaman aktual olacaq şüara çevrilib Ali Baş Komandanımızın söylədiyi “Qarabağ Azərbaycandır!” cümləsi. Bu cümlə xalqımızın hər gün Qarabağda-öz torpaqlarında əldə etdiyi yeni-yeni zəfəri, qələbəsi, mənfur düşmən üzərindəki təntənəsinin səbəblərindəndir. Biz bütün qəlbimizlə inanır və ümid edirik ki, çox yaxın günlərdə möhtəşəm üçrəngli bayrağımız bütün Qarabağ torpaqları üzərində qürurla dalğalanacaqdır! Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağla onun övladlarının 30 illik həsrətinə son qoyulacaqdır. Qədim türk yurdu Qarabağımızda tezliklə Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Molla Pənah Vaqif, Qasım bəy Zakir kimi dahilərin ruhu dincələcəkdir. Biz bu möhtəşəm günün çox yaxında olduğuna inanırıq. Türkoloq alim olan atam Cəfər Cəfərovun uşaqlıqdan yaddaşımda kök salmış bu şeirində dediyi kimi:

Qarabağdan bu dünyada tapılmaz!

Pay verilməz, torpaq yada satılmaz!

Nə kəsilməz, nə bölünməz, atılmaz!

Bu yerlərin öz bağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

 

Qarabağım göz içində gilədir,

Babəklərdən bizə qalan bəlgədir.

Şah Qacarı diz çökdürən ölkədir,

Qoçaqların qoçağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

 

Xarı bülbül çöllərində qol açar,

Ürək açar, könül açar, dil açar.

Danışdırsan hər çiçəyi dil açar,

Bənövşənin yarpağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

 

Bu torpağın qadası da bizimdir,

Obası da, odası da bizimdir!

Xeyri, şəri, davası da bizimdir!

Yurdumuzun növrağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

       

Qərənfillər yol gözləyir bayaqdan,

Xan qızının səsi gəlir bulaqdan.

Molla Pənah məktub yazdı Qazaxdan:

İgidlərin oylağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

 

Ulu Tanrı Qarabağa yar olsun!

Bu torpağa göz dikənlər kor olsun!

Ona arxa-dayaq duran var olsun!

Dayaqların dayağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

Aytən Cəfərova

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: