200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər özlərinə saxta tarix yaratmaqla kifayətlənməyib, tarixi Azərbaycan torpaqlarını “böyük Ermənistan” ərazisi kimi qələmə verib və bu saxta fikirləri ilə beynəlxaq ictimaiyyəti çaşdırmağa çalışıblar. XX əsr boyu torpaqlarımızı hissə-hissə mənimsəyən ermənilər böyük güclərin köməyi ilə öz dövlətlərini yaratmağa nail olublar. Sovet İttifaqı qurulanda Dağlıq Qarabağa yiyələnmək arzusuna çata bilməyən ermənilər ötən əsrin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Həmin vaxt məlum səbəblərdən ölkəmiz Ermənistanın işğalçılıq siyasətinin qarşısını ala bilmədi. Bu gün isə işğalçı ordu qəhrəman, xilaskar Azərbaycan Ordusunun qarşısında aciz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsində bu barədə danışan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Azərbaycan dövləti artıq 20-25 il bundan əvvəlki dövlət deyil. Həyata keçirilən məqsədyönlü və düzgün siyasət sayəsində respublikamız yüksək səviyyədə inkişaf edib, güclü dövlətə çevrilib. Müasir tələblərə cavab verən Azərbaycan Ordusu yaradılıb. Ən əsası Azərbaycan xalqının İlham Əliyev kimi güclü lideri, bacarıqlı, qətiyyətli və cəsarətli Prezidenti var. Xalqımız öz rəhbərini sevir və onun ətrafında sıx birləşib. Bu birlik sentyabrın 27-də erməni təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun əks-hücuma keçdiyi gündən özünü bir daha qabarıq şəkildə göstərdi. Həmin gündən Prezident, Ali Baş Komandan İlham Əliyevin tutduğu düzgün mövqe və yol Azərbaycan Ordusunu anbaan irəliyə - Böyük Qələbəyə aparır. Dövlətimizin başçısının müxtəlif televiziya kanallarına verdiyi müsahibələri, məntiqli çıxışları, Azərbaycan həqiqətlərini tutarlı dəlillərlə, təkzibolunmaz faktlarla beynəlxalq ictimaiyyətə çatdırması onun nə qədər yüksək səviyyədə hazırlıqlı, qətiyyətli bir lider, sərkərdə olduğunu göstərir. Bu müsahibələr beynəlxalq ictimaiyyətdə Prezidentimizin nüfuzunu artırır. Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi müsahibələr isə onun çox səviyyəsiz, təsadüfi bir adam olduğunu bir daha sübut edir.
“İşğal altında olan yaşayış məskənlərimiz, strateji mövqelər qəhrəman Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir-birinin ardınca azad olunur. Erməni ordusu böyük itkilər verərək geri çəkilir, döyüş texnikasını, hətta döyüş bayraqlarını, məxfi sənədləri ataraq qaçır, orduda fərarilik getdikcə artır. Ordumuzun müzəffər yürüşü qarşısında aciz qalan, küncə sıxışan Nikol Paşinyan dünya dövlətlərinin başçılarına yalvarır, imdad diləyir. Çıxış yolunu Ermənistan ərazisindən, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və kəndlərimizi, mülki əhalini toplar və raketlər vasitəsilə atəşə tutmaqda, dinc əhalinin həyatına qəsd etməkdə görür”, - deyən Fəxrəddin Səfərli vurğulayıb ki, əks-hücum əməliyyatları Azərbaycanda xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğunu təsdiq bir daha etdi. Bu günlər bir daha sübut etdi ki, Azərbaycan xalqı Prezidentinin, ordusunun yanındadır. Gənclərimiz hər an cəbhəyə getməyə, düşmənə ağır zərbələr endirməyə hazırdır. Nikol Paşinyan 4 dəfə ölkə üzrə səfərbərlik elan etsə də, əhalinin çoxu bu çağırışa qoşulmayıb, erməni ordusunda boşluqlar, çatışmazlıqlar yaranıb. Ancaq Azərbaycan Prezidentinin qismən səfərbərlik elan etməsinə baxmayaraq, əli silah tuta bilən bütün Azərbaycan əhalisi cəbhəyə göndərilmək üçün xahişlər edir, hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yazdığı şanlı zəfər tarixində iştirak etmək istəyir. Azərbaycan Ordusu öz müzəffər yürüşünü davam etdirir, Ali Baş Komandanın dediyi kimi, düşmənə dərs verir və öz uğurlu əməliyyatları ilə Azərbaycan xalqını sevindirir, sözlə ifadəsi mümkün olmayan hisslər yaşadır.
AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib: “Azərbaycan xalqı öz Prezidentinə, onun komandanlığı ilə qələbələr qazanan rəşadətli ordumuza inanır və yaxın günlərdə üçrəngli bayrağımızın Laçında, Xankəndidə, Şuşada dalğalanacağına əmindir. Haqq işi uğrunda vuruşan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən ordumuzu alqışlayır, düşməni tezliklə diz çökdürməsini, zəfər çalmasını arzulayırıq. Qələbə bizimlədir!”