Hər şey QƏLƏBƏ üçün!

A- A A+

“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim.”,- deyən Prezident, Ali Baş Komandanımız İlham Əliyev bizi doğma torpaqlara, öz evimizə, yuvamıza qaytarır!

Xalq-Dövlət-Ordu birliyinin nəticəsidir ki, dünən ağlaya-ağlaya öz doğma kəndindən, el - obasından ayrılan körpələr bu gün tank üstündə öz ocağına dönür. Dünən Suqovuşandan Tərtər çayına 30 il sonra suyun verilməsini qürurla izlədik. Tərtər, Goranboy və Yevlax rayonlarının torpaqlarına həyat verildi. Ardınca isə xüsusi təyinatlı əsgərlərimiz Cəbrayılın mərkəzinə üçrəngli bayrağımızı asdılar. Videomüraciətlə Ali Baş Komandanımızı əmin etdilər ki, şanlı bayrağımız qısa vaxtda  bütün işğal altında olan torpaqlarda dalğalanacaq. Bununla bərabər, düşmən üzərində ordumuzun irəliləməsi, erməni hərbi birləşmələrinin vacib döyüş texnikalarını darmadağın etməsi Xankəndinə, Xocalıya, Şuşaya, Laçına, Xocavəndə, Kəlbəcərə, Ağdərəyə, Ağdama, Füzuliyə, Qubadlıya, Zəngilana gedən yolumuzun heç də uzaqda olmadığını bir daha təsdiqlədi.  

İndi üç rəngli bayrağımızın sancıldığı hər yer bizim Kəbəmizdir.

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

Bu gün biz Vətən müharibəsi aparırıq. Vətən sənsən, mənəm, bizik... Vətən o yerdir ki, harda yaşamağından asılı olmayaraq, orda ölməyi heç nəyə dəyişmirsən. Çünki Vətənin daşı da, torpağı da gül qoxuludur. Onun uğrunda canından keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Azərbaycanın igid və mərd oğulları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətəni qorumuşlar.  İgid Vətən oğulları bu torpaq tam olsun deyə canlarını qurban verməkdən heç zaman çəkinməmişlər. Şəhidlik adlı uca bir zirvəni fəth etməyi özləri üçün ən böyük şərəf saymışlar.

Şəhadətə çatmış bir igidimizin dəfn mərasimində, şəhid oğlu öz bacısının göz yaşlarını silir. Körpə əlləri, kövrək ürəyi nə qədər titrəsə də, sanki atasına: "gözün arxada qalmasın",- deyir... Bu körpələri atasız, gözüyaşlı qoyanlar bilməlidirlər ki, qisas qiyamətə qalmır.  Bütün şəhidlərimizin qisası müzəffər ordumuz tərəfindən alınır!

Şanlı Azərbaycanım, Şanlı Ordum, Şanlı Xalqım yenə şanlı aylarından birini yaşayır! Qondarma "Dağlıq Qarabağ Respublikası", işğalçı Ermənistan isə son nəfəsini verir. Budur bizim birliyimiz, haqq-ədalət uğrunda mübarizəmizin uğurlu nəticələri.

Onların əsl xislətini terrorçu-ideoloq Zori Balayan “Ruhumun dirçəlişi” əsərində özünəməxsus şəkildə ifadə edib. Körpələri, qadınları, yaşlı insanları öldürməkdən, onlara zülm verməkdən çəkinməyən, bunu fəxrlə danışan millətdən nə gözləməliyik?! Bu baxımdan hesab edirəm ki, bütün dünya ermənilərin işğalçılıq siyasətinə qarşı olmalı, əli körpə qanına bulaşmış günahkarların beynəxalq hüquq qarşısında öz layiqli cəzasını almalarına çalışmalıdırlar. Çünki ancaq faciələr törətməklə gündəmə gələn bir millət, bütün bəşəriyyət üçün təhlükədir. Onların əli Xocalıda körpə balaların qanına bulaşıb. Ona görə də ermənilərin murdar ayaqları bizim torpaqlara dəyməməlidir.

Ali Baş Komandanımız İlham Əliyevin sözləri ilə desək, erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var:

“Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Nərmin Rüstəmli

Naxçıvan Dövlət Radiosunun baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: